AÇG və “Şahdəniz”dən hasil və ixrac edilən qazın həcmi açıqlanıb

AÇG və “Şahdəniz”dən hasil və ixrac edilən qazın həcmi açıqlanıb ​​​​​​​Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar bloku istismara veriləndən bu ilin noyabrın 1-nə qədər 214,1 milyard kubmetr qaz hasil edilib
Energetika
15 noyabr 2023 08:10
AÇG və “Şahdəniz”dən hasil və ixrac edilən qazın həcmi açıqlanıb

Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar bloku istismara veriləndən bu ilin noyabrın 1-nə qədər 214,1 milyard kubmetr qaz hasil edilib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar-oktyabr ayları üzrə operativ məlumatlarında deyilir.

Bildirilir ki, istismara veriləndən bu ilin noyabrın 1-nə qədər “Şahdəniz” yatağından 204,6 milyard kubmetrə yaxın qaz hasil edilib.

Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 144,8 milyard kubmetr həcmi ixraca nəql edilib.

"Azəri-Çıraq-Günəşli" platformalarında hasil edilən səmt qazının bir hissəsi Azərbaycan Dövlət Neft Şirkətinə əhalinin tələbatını ödəmək üçün təhvil verilir, qalan hissəsi isə təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulur.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 29,99 %), "LUKoil" (19,99 %), TPAO (19 %), NİCO (10 %) "SGC Upstream" (21,02 %) şirkətləri iştirak edir.

Son xəbərlər

Orphus sistemi