AÇG-nin yeni platformasında tikinti işlərinin 2022-ci ilin ortalarında yekunlaşması planlaşdırılır

AÇG-nin yeni platformasında tikinti işlərinin 2022-ci ilin ortalarında yekunlaşması planlaşdırılır Bakı. 31 oktyabr. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda inşa edilməsi planlaşdırılan “Mərkəzi-Şərqi Azəri” platformasının quruda, tikinti-quraşdırma meydançalarında aparılan tikinti və istismara hazırlıq fəaliyyətlərinin əksəriyyətinin 2019-cu ilin ortalarından 2022-ci ilin ortalarına qədər davam edəcəyi gözlənilir.
Energetika
31 Oktyabr , 2018 11:21
AÇG-nin yeni platformasında tikinti işlərinin 2022-ci ilin ortalarında yekunlaşması planlaşdırılır

Bakı. 31 oktyabr. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda inşa edilməsi planlaşdırılan “Mərkəzi-Şərqi Azəri” platformasının quruda, tikinti-quraşdırma meydançalarında aparılan tikinti və istismara hazırlıq fəaliyyətlərinin əksəriyyətinin 2019-cu ilin ortalarından 2022-ci ilin ortalarına qədər davam edəcəyi gözlənilir. 

"Report" xəbər verir ki, bu barədə “Mərkəzi-Şərqi Azəri” layihəsinin Ətraf Mühitə və Sosial Sahəyə Təsirinin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantı ilə əlaqədar keçirilən ictimaiyyətlə görüşdə layihənin icrası üzrə menecer Kolin Simpson bildirib.

Onun sözlərinə görə, platformanın üst hissəsinin Bayılda, alt hissəsinin isə Bakı Dərin Özüllər Zavodunda inşa olunması gözlənilir.

Menecer qeyd edib ki, 2020-ci ildən sualtı emalat işlərinin görülməsi planlaşdırılır. "2021-ci ilin sonuna dayaq blokunun quraşdırılması, 2022-ci ilin ortalarına isə üst tikilinin quraşdırılması işlərinin aparılması nəzərdə tutulur”.

K.Simpson platformadan hasilatın 2023-cu ildə başlanmasının planlaşdırıldığını da qeyd edib.

Xatırladaq ki, “Mərkəzi-Şərqi Azəri” AÇG müqavilə ərazisinin işlənməsinin növbəti mərhələsini təşkil edir. Bu layihənin məqsədi əlavə quyuları qazmaqla və əlavə dəniz obyektləri quraşdırmaqla, gündə 100 min barelə qədər neft və 350 min standart kubfut qaz təşkil edən pik hasilat həcminə nail olmaqdır.

“Mərkəzi-Şərqi Azəri” layihəsinin suyun, təxminən, 137 metr dərinliyində, “Mərkəzi Azəri” (MA) və “Şərqi Azəri” (ŞA) platformaları arasında yerləşdiriləcək yaşayış bloklu hasilat və qazma platformasından, üç yeni yataqdaxili sualtı qaz, neft və suvurma boru xətti birləşmələri və əlaqədar sualtı infrastrukturdan, “Şərqi Azəri” platformasından “Mərkəzi-Şərqi Azəri” platformasına istiqamətlənən birləşdirilmiş sualtı enerji (ehtiyat) və telekommunikasiya kabelindən ibarət olması planlaşdırılır.

“Mərkəzi-Şərqi Azəri” layihəsinin Ətraf Mühitə və Sosial Sahəyə Təsirinin Qiymətləndirilməsi sənədinin son variantı 2019-cu ilin yanvar-fevral aylarında açıqlanacaq.

Yeni platformanın FEED (Front End Engineering Design - İlkin Detallı Layihələndirmə) və detallı mühəndislik işlərini "SOCAR-KBR" birgə müəssisəsi həyata keçirəcək.

Qeyd edək ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb.

2017-ci il sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. Saziş oktyabrın 31-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub. Yeni saziş yatağın 2050-ci ilədək işlənməsini nəzərdə tutur.

Yeni müqavilədə tərəfdaşların pay bölgüsü bu nisbətdədir: BP - 30,37% (operator), AzACG (SOCAR) - 25,00%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Equinor" - 7,27%, "ExxonMobil" - 6,79%, TPAO - 5,73%, "Itochu" - 3,65% və "ONGC Videsh Ltd." (OVL) - 2,31%. 

Son xəbərlər

Orphus sistemi