"AÇG"dən yüksək hasilat göstəricisi onilliklər davam edəcək

"AÇG"dən yüksək hasilat göstəricisi onilliklər davam edəcək Qordon Birrell: "Bu yataq son dərəcə məhsuldardır"
Energetika
29 Mart , 2017 17:54
AÇGdən yüksək hasilat göstəricisi onilliklər davam edəcək

Bakı. 29 mart. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda bundan sonra da bir neçə onilliklər yüksək hasilat göstəricisi davam edəcək. 

"Report" xəbər verir ki, bunu BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə keçmiş regional prezidenti, hazırda isə BP-nin istehsal, transformasiya və karbon üzrə əməliyyat direktoru Qordon Birrell bildirib. 

O qeyd edib ki, AÇG-dən 1997-ci ildən indiyədək 3 mlrd. bareldən artıq neft hasil edilib: "Bu yataq son dərəcə məhsuldardır. Bundan sonra da yataqda bir neçə onilliklər yüksək hasilat göstəricisi davam edəcək. Amma bütün dünyadakı təcrübə göstərir ki, hasilatın səviyyəsi yavaş-yavaş azalır. BP-nin operator olaraq işi azalmanı idarə etməkdir. Bunu indiyədək yaxşı idarə etmişik. Bundan sonra da azalmanı idarə etmək, hasilatı sabit saxlamaq üçün daha səmərəli, təhlükəsiz, tez qazma aparılmalı, mövcud platformaların planlaşdırılmamış hər hansı dayanma olmadan işləməsi təmin edilməli və dünyanın ən yaxşı mühəndisləri ilə işlənməlidir". 

Q.Birrell 2016-cı ilin nəticələrinin yüksək olduğunu, BP-nin bütün öhdəliklərə əməl etdiyini və bəzi sahələrdə öhdəlikdən çox iş görüldüyünü bildirib: "BP-nin əməyin təhlükəsizliyi sahəsindəki yüksək möqeyimizi saxlamışıq. Niyyətimiz tam təhlükəsiz şəkildə işlərimizi qurmaqdır. Ötən il BTC üçün də təhlükəsiz il olub. 2006-cı ildə istismara veriləndən indiyədək 3 500 tankerlik neft ixrac olunub. Əsas hissəsi AÇG neftidir". 

Şirkət rəsmisi yeni regional prezident Qeri Consu təqdim edərək bildirib ki, o, ən çox rəhbər vəzifədə çalışanlardan biridir: " O, son iki həftədə Azərbaycandadır və müxtəlif qurumlarla görüşlər keçirib". 

Yeni regional prezident bu vəzifəyə təyinatından məmnun olduğunu bildirib: "Bu, mənim üçün çox şərəflidir. Buradakı portfelimiz BP-nin ümumi portfelində çox önəmli yer tutur. BP-nin quyular üzrə təşkilatının rəhbəri olanda bilirdim ki, Xəzərdəki işlərimiz yüksək səviyyədə idarə olunur. Bundan sonra işimi Qordonun qurduğu rəhbərlik təcrübəsi üzərində quracağam".

Son xəbərlər

Orphus sistemi