AÇG-də yeni platformanın tikintisi üçün tender gələn ilin I rübündə yekunlaşacaq

AÇG-də yeni platformanın tikintisi üçün tender gələn ilin I rübündə yekunlaşacaq Bakı. 20 sentyabr. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda inşa edilməsi planlaşdırılan “Mərkəzi-Şərqi Azəri” platformasının tikinti podratçılarının seçilməsi üçün tender prosesinin 2019-cu ilin birinci rübünün sonuna qədər tamamlanması planlaşdırılır.
Energetika
20 Sentyabr , 2018 17:50
AÇG-də yeni platformanın tikintisi üçün tender gələn ilin I rübündə yekunlaşacaq

Bakı. 20 sentyabr. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda inşa edilməsi planlaşdırılan “Mərkəzi-Şərqi Azəri” platformasının tikinti podratçılarının seçilməsi üçün tender prosesinin 2019-cu ilin birinci rübünün sonuna qədər tamamlanması planlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə “Mərkəzi-Şərqi Azəri” layihəsinin Ətraf Mühitə və Sosial Sahəyə Təsirinin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədində qeyd edilib.

Sənəddə bildirilib ki, platformanın dayaq blokunu və üst modulunu, o cümlədən sualtı infrastrukturların hissələrini Azərbaycanda istehsal etmək planlaşdırılır.

Bildirilib ki, “Mərkəzi-Şərqi Azəri” layihəsi üzrə ilk neftin 2023-cü ildə hasil olunması planlaşdırılır və 2024-cü ildə hasilatın ən yüksək həddə çatacağı gözlənilir.

Beş Fasilə (A, B, C, D, E) və dörd Balaxanı (VII/VIII/IX/X) kollektorundan ibarət olan AÇG yatağında cəmi ilkin geoloji neft ehtiyatı, təxminən, 16 mlrd. standart barel təşkil edir. “Mərkəzi-Şərqi Azəri” layihəsi neft yataqlarının işlənməsini davam etdirməklə, hasilatı maksimum artırmağı nəzərdə tutur.

Qeyd edək ki, “Mərkəzi-Şərqi Azəri” AÇG müqavilə ərazisinin işlənməsinin növbəti mərhələsini təşkil edir. Bu layihənin məqsədi əlavə quyuları qazmaqla və əlavə dəniz obyektləri quraşdırmaqla, gündə 100 min barelə qədər neft və 350 min standart kubfut qaz təşkil edən pik hasilat həcminə nail olmaqdır.

“Azəri Mərkəzi Şərqi” layihəsinin suyun, təxminən, 137 metr dərinliyində, “Mərkəzi Azəri” (MA) və “Şərqi Azəri” (ŞA) platformaları arasında yerləşdiriləcək yaşayış bloklu hasilat və qazma platformasından, üç yeni yataqdaxili sualtı qaz, neft və suvurma boru xətti birləşmələri və əlaqədar sualtı infrastrukturdan, “Şərqi Azəri” platformasından “Azəri Mərkəzi Şərqi” platformasına istiqamətlənən birləşdirilmiş sualtı enerji (ehtiyat) və telekommunikasiya kabelindən ibarət olması planlaşdırılır.

Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb.

2017-ci il sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. Saziş oktyabrın 31-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub. Yeni saziş yatağın 2050-ci ilədək işlənməsini nəzərdə tutur.

Yeni müqavilədə tərəfdaşların pay bölgüsü bu nisbətdədir: BP - 30,37% (operator), AzACG (SOCAR) - 25,00%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Equinor" - 7,27%, "ExxonMobil" - 6,79%, TPAO - 5,73%, "Itochu" - 3,65% və "ONGC Videsh Ltd." (OVL) - 2,31%.

Son xəbərlər

Orphus sistemi