Bakı. 14 noyabr. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun gələn il üzrə iş planının və büdcəsinin Hasilatın Pay Bölgüsü sazişi üzrə rəhbər komitənin (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti - ABƏŞ) noyabrın 23-də keçiriləcək iclasında müəyyən ediləcəyi nəzərdə tutulur.
Bunu “Report”a BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
“Növbəti ilin proqnozu hələ ki, razılaşdırılır. Noyabrın 23-də rəhbər komitənin iclası olacaq və iclasda növbəti il üçün həm büdcə, həm də hasilat planı müyyən ediləcək”,- vitse-prezident deyib.
B.Aslanbəyli həmçinin qeyd edib ki, bu ilin sonuna hasilatın proqnozlaşdırılan səviyyədə qalacağı gözlənilir.
Xatırladaq ki, "AÇG" yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 1995-ci ilin fevralında ABƏŞ yaradılıb.
2017-ci ilin sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. Saziş oktyabrın 31-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub.
Layihədə pay bölgüsü bu nisbətdədir: BP - 30,37% (operator), AzACG (SOCAR) - 25,00%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Equinor" (keçmiş "Statoil") - 7,27%, "ExxonMobil" - 6,79%, TPAO - 5,73%, "Itochu" - 3,65% və "ONGC Videsh Ltd." (OVL) - 2,31%.