Bakı. 26 may. REPORT.AZ/ “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərovun rəhbərliyi ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılovun, “Neftqaztikinti” trestinin rəisi Mirkazım Abbasovun, eləcə də aidiyyəti mütəxəssislərin iştirak etdiyi işçi heyət “Abşeronneft” NQÇİ-də olub.
“Report”un “Azneft”ə istinadən verdiyi xəbərə görə, müşavirənin məqsədi sözügedən idarənin istismar etdiyi obyektlərin hidrotexniki qurğularının, dəniz özüllərinin, texnoloji obyektlərin, kommunikasiya qovşaqlarının mövcud vəziyyətinin araşdırılması, “Abşeronneft” NQÇİ-nin bu ilin 4 ayı ərzində gördüyü işlərin müzakirəsi olub.
İclasda D.İskəndərov “Abşeronneft” NQÇİ-nin hər il hasilatı bir qədər də artırdığını qeyd edib.
Daha sonra İdarənin rəisi Şahmar Hüseynov 2017-ci ilin 4 ay ərzində görülmüş işlər barədə məlumat verərək bildirib ki, hasilatın qorunub saxlanılması və artırılması istiqamətində lazımi bütün tədbirlər görülüb: “Belə ki, 2017-ci ilin 4 ayında nəzərdə tutulan neft hasilatı üzrə tapşırıq 115 740 ton əvəzinə 129 079 ton, yəni 11,5% çox yerinə yetirilib, 13 339 ton artım olub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatı 17 577 ton, yəni 15,8% artıb".
Onun sözlərinə görə, cari ilin 4 ayında qaz hasilatı da plana qarşı 2,3% çox yerinə yetirilib. “Əlavə 297 min kubmetr qaz hasil edilib. 2016-cı ilin 4 ayında qaz hasilatı 12,533 mln. kubmetr olub. Bu il keçən il ilə müqayisədə qaz hasilatı 914 min kubmetr artmışdır və artım tempi 7,3% təşkil edib".
İdarə rəisi “Abşeronneft” NQÇİ-də cari ilin birinci rübündə 13 yeni quyunun qazılaraq təhvil verildiyini bəyan edib. Hazırda 5 quyunun mənimsəmədə olduğu ifadə olunub. Eyni zamanda, cari ilin 4 ayı ərzində yan lülə kəsilişi ilə 2 quyunun qazılması planlaşdırıldığı halda, faktiki olaraq 3 quyu qazılaraq istismara verilib. 3 quyudan isə 124 ton plana qarşı, 474 ton əlavə neft alınıb.
"2017-ci ilin 4 ayında fəaliyyətsiz fonddan 4 quyunun istismara qaytarılması planlandığı halda 10 quyu istismara daxil edilib. Bu quyulardan 2 486 ton neft alınıb”, - deyə o bildirib.
İdarə rəisinin sözlərinə görə, cari ilin sonuna kimi daha 10 quyunun istismara qaytarılması və buradan da 6,5 min ton səmərə alınması planlaşdırılır.
Hasilatın artırılması məqsədilə “Abşeronneft” NQÇİ-də 2017-ci ildə mövcud infrastrukturun təkmilləşdirilməsi, yeni obyektlərin tikintisi ilə bağlı xeyli işlərin görüləcəyi bildirilib. Belə ki, cari ilin sonuna kimi 20 obyektin təhvil verilməsinin planlaşdırıldığı deyilib. Eyni zamanda, cari ilin 4 ayı ərzində 3 obyektdə (340, 500 və 600) əsaslı təmir işləri görüldüyü bildirilib.
İclasın sonunda baş direktor idarədəki çatışmazlıqlar barədə problemləri dinləyib və problemlərin aradan qaldırılmasına dair müvafiq göstərişlər verib.



