Yuxarı
    Bağlamaq

    “Abşeronneft”də hasilat rekord səviyyəyə çatdırılıb

    Gündəlik hasilat 1000 tondur

    Bakı.23 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin aparıcı müəssisələrindən olan “Abşeronneft” Neft və Qazçıxarma İdarəsi bu ilin sentyabr ayında İdarə üzrə gündəlik orta neft hasilatını ən yüksək həddə - gündəlik 1000 tona çatdırıb.

    “Report” SOCAR-a istinadən xəbər verir ki, idarədə 2010-cu ildə orta gündəlik neft hasilatı 474 ton, 2011-ci ildə 552 ton, 2012-ci ildə 555 ton, 2013-cü ildə 664 ton, 2014-cü ildə 775 ton, 2015-ci ildə isə 886 ton təşkil edib. 2010-cu ildə neft hasilatı illik 172964 ton olduğu halda, bu ilin 8 ayında hasilat 242154 ton səviyyəsində olub.

    Qeyd olunub ki, hasilatın artmasına təsir edən başlıca amillər quyu fondunun yenilənməsi, davamlı olaraq yeni quyuların qazılaraq istismara verilməsi olub: "Belə ki, 2011-ci ildə qazmadan 32 quyu, 2012-ci ildə 34 quyu, 2013-cü ildə 27 quyu, 2014-cü ildə 30 quyu, 2015-ci ildə 38 quyu istismara daxil edillibsə, bu ilin yanvar-avqust aylarında 15 quyu qazılaraq mədənçilərə təhvil verilib. Bu quyulardan 24940 ton neft alınıbr. 

    Ümumiyyətlə, qazmadan alınan quyuların hasilatı İdarə üzrə neft hasilatının 11 faizini təşkil edib. Hasilatın rekord həddə çatdırılmasına təsir edən digər səbəblərdən biri də, İdarənin balansındakı quyu fondu üzərində aparılan texniki və geoloji tədbirlər olub. Görülmüş işlərin nəticəsidir ki, fəaliyyətsiz fonddan istismara qaytarılmış quyulardan 2012-ci ildə 168 554 ton, 2013-cü ildə 204 756 ton, 2014-cü ildə 236 044 ton, 2015-ci ildə 272 696 ton neft alınıb. Bütün bunlarla yanaşı, 2013-cü ildən başlayaraq idarədə erlift üsulu ilə işləyən quyuların sayı surətlə artıb. Bu üsul yüksək səmərə verdiyi üçün 2012-ci ildən başlayaraq quyuların sayı 2 quyudan 2016-cı ilin 8 ayında 87 quyuya çatdırılıb. Bu ilin 8 ayında bu quyulardan 68897 ton neft hasil edilib. İdarədə yeni texnika və texnologiyaların tətbiqinə də geniş yer verilib, yanvar-avqust aylarında 25 quyuda quyudibi zona turşu ilə işlənilib  və nəticədə əlavə 510 ton neft alınıb. Tıxac təmizləyən qurğu 60 quyuda tətbiq edilib və bu da 290 ton əlavə neft hasilatına səbəb olub".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi