“Abşeron” yatağının podratçılığı “Azneft”ə həvalə olunub

“Abşeron” yatağının podratçılığı “Azneft”ə həvalə olunub Yatağın işlənməsini isə “Total” şirkəti həyata keçirəcək
Energetika
19 Oktyabr , 2017 16:12
“Abşeron” yatağının podratçılığı “Azneft”ə həvalə olunub

Bakı. 19 oktyabr. REPORT.AZ/ 2017-ci ilin mühüm hadisələrindən biri də Fransanın “Total” şirkəti tərəfindən işləniləcək  Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağının podratçılığının “Azneft” İstehsalat Birliyinə həvalə olunmasıdır.

“Report” xəbər verir ki, bunu “Azneft” İstehsalat Birliyində keçirilən bu ilin yanvar-sentyabr ayları üzrə texniki-iqtisadi yekunlara və qarşıda duran vəzifələrə həsr olunan hesabat müşavirəsində Birliyin Baş direktoru Daşqın İskəndərov bildirib.

Ötən doqquz ayın Birlik üçün uğurlu dövr olduğunu söyləyən D.İskəndərov bu müddət ərzində müasir standartlara cavab verən bir sıra iri layihələrin uğurla gerçəkləşdirildiyini vurğulayıb.

Baş direktor beynəlxalq şirkətlərlə əməkdaşlıqların instensivləşdirilməsi istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu qeyd edib, bu istiqamətdə ABŞ-ın “McKinsey&Company” şirkəti ilə birgə mühüm işlərin həyata keçirildiyini bildirib. Sözügedən şirkətin “Günəşli” (dayazsulu) yatağında hasilatın optimallaşdırılması üçün təhlillər apardığını və Birliyə tövsiyələrini verdiyini bildirib.

Birliyin Baş direktoru həmçinin qeyd edib ki, SOCAR-ın həyata keçirdiyi iri layihələrin təhlili ilə məşğul olan beynəlxalq “Independent Projects Analysis” (Layihələrin Müstəqil Təhlili) şirkəti tərəfindən “Günəşli”, “Qərbi Abşeron” və “Bulla-dəniz” yataqlarında həyata keçirilmiş iri layihələrin təhlilləri aparılıb, bu barədə sözügedən şirkət öz tövsiyələrini bildirib. D.İskəndərov bundan sonra da Birliyin beynəlxalq şirkətlərlə əməkdaşlığı davam etdirəcəyini ifadə edib. Onun sözlərinə görə, 2017-ci ilin mühüm hadisələrindən biri də Fransanın “Total” şirkəti tərəfindən işləniləcək “Abşeron” yatağının podratçılığının “Azneft” İstehsalat Birliyinə həvalə olunmasıdır: “Bu, bizə beynəlxalq şirkətlərin təcrübəsinin öyrənilməsi şansını verir. Bizim üçün sevindirici haldır. Əlbəttə, bütün bu layihələrin idarə olunması üçün beynəlxalq standartlara cavab verən kadrlar olmalıdır. Bu istiqamətdə çoxsaylı səylər göstərilir. Gələcəkdə də kadrların hərtərəfli təkmilləşdirilməsi, qiymətləndirilməsi və istedadlı mütəxəssislərin irəli çəkilməsi həyata keçiriləcək”.

Sonra Birliyin Neftin, qazın hasilatı və nəqli üzrə istehsalat şöbəsinin rəisi Pərviz Əhmədov hesabat dövründə hasilat sahəsində görülmüş işlərdən danışıb, qarşıya qoyulmuş tapşırıqların icrası barədə geniş məlumat verib, hasilatın stabilləşdirilməsi istiqamətində görülən tədbirlərdən, tətbiq edilən yeni texnologiyalardan söz açıb. O, neftin hazırlanması və təhvili, quyularda aparılmış əsaslı və cari təmir işləri, yeni texnika və texnologiyanın tətbiqi, energetika, mexanika və kompressor təsərrüfatı üzrə görülmüş işlər haqqında geniş məruzə edib, həyata keçirilmiş qazma işləri haqqında məlumat verib.

Daha sonra əsaslı təmir, tikinti və layihələrin həyata keçirilməsi barədə hesabat dinlənilib, infrastrukturun abadlaşdırılması, yerinə yetirilən tikinti-quraşdırma işləri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, “Günəşli” yatağının cari vəziyyəti tam tədqiq və təhlil olunub.

Daha sonra doqquz ayda Birliyin idarə və müəssisələrinin istehsalat obyektlərində əməyin mühafizəsi sahəsində görülmüş işlərdən danışılıb, istehsalat proseslərinin avtomatlaşdırılması sahəsində tətbiq olunan yeniliklərdən bəhs edilib.

Ekologiya sahəsində görülmüş işlərə dair 9 aylıq hesabat zamanı aradan qaldırılmış ekoloji pozuntulardan, səmt qazının havaya atılmasının qarşısının alınması istiqamətində görülən tədbirlərdən söz açılıb.

Sonda Baş direktor D.İskəndərov təmirə ehtiyacı olan hidrotexniki qurğuların müəyyənləşdirilməsi, quyularda vaxtında profilaktik tədbirlərin görülməsi kimi məsələlərin aktuallığından danışıb, qışa hazırlıq istiqamətində bütün hidrotexniki qurğuların yoxlanılmasının, hidro-dinamik və geoloji tədqiqatların artırılmasının, quyu fondunun genişləndirilməsinin, mütəmadi olaraq yataqlarda elmi-tədqiqat işlərinin aparılmasının və üçüncü təsir üsullarının tətbiqinin vacibliyini vurğulayıb. O bildirib ki, Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsal Müəssisəsinin imkanlarının genişləndirilməsi, sifarişlərin sayının artırılması, idarələrdə gənc mütəxəssislərin peşəkarlıq və bilik səviyyəsinin yüksəldilməsi, onların potensialından maksimum istifadə edilməsi, yeni perspektivli layihələrə gənc mütəxəssislərin cəlb olunması istiqamətində ciddi tədbirlərin görülməsi prioritet kimi müəyyənləşdirilib. 

Son xəbərlər

Orphus sistemi