Yuxarı

​"Abşeron" yatağının işlənməsi üzrə inkişaf proqramı ilin sonuna hazır olacaq

Artıq 2017-ci ildə Abşeron yatağında ilk quyunun qazılmasına başlanılacaq

Bakı. 28 sentyabr. REPORT.AZ/ Xəzər dənizinin milli sektorunda yerləşən "Abşeron" yatağının işlənməsi üzrə inkişaf proqramı bu ilin sonuna qədər Azərbaycan tərəfinə təqdim olunacaq. "Report" xəbər verir ki, bunu bu gün Bakıda işə başlayan III Azərbaycan və Xəzər Neft-Qaz Həftəsində Fransanın "Total" şirkətinin "Abşeron" yatağının işlənməsi üzrə layihə direktoru Erik Meyer bildirib.

E.Meyerin sözlərinə görə, yataqdan ilk qaz 2021-ci ilin sonu, 2022-ci ilin əvvəlində hasil olunacaq.

Layihə rəhbəri qeyd edib ki, sentyabr ayında təqdim olunması planlaşdırılan inkişaf proqramı bir qədər gecikməylə icra olunur: "Bu da müəyyən araşdırmaların aparılması, texniki məsələlərlə bağlıdır".

Onun sözlərinə görə, yatağın işlənməsi üzrə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) iştirakı ilə bağlı birgə şirkətin yaradılması qərara alınıb: "Bu "mənfəət və itki olmayan" ("No profit, no loss") tipli ortaqlıq olacaq. Bu şirkət "Abşeron" yatağının işlənməsi üzrə inkişaf proqramını hazırlayacaq".

E.Meyer "Abşeron" yatağında ilk quyunun qazılmasına 2017-ci ildə başlanılacağını bildirib. Onun sözlərinə görə, 2021-ci ilin sonu, 2022-ci ilin əvvəlində yataqdan qaz hasilatına başlanacaq: "Həmin ildə qazın ixracına başlanılması nəzərdə tutulur".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi