Yuxarı

Abşeron yarımadasının dayazsulu hissəsində qazma 4 sahədə aparılacaq

Digər sahələr isə SOCAR-a təhvil veriləcək

Bakı. 4 fevral. REPORT.AZ/ Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda 3D seysmik tədqiqat aparıldıqdan sonra əldə olunan məlumata əsasən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə ən perspektiv 4 sahə seçiləcək və qazma işləri aparılacaq. "Report" xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin hasilat və kəşfiyyat üzrə vitse-prezidenti Qreq Rayli jurnalistlərə bildirib.

Onun sözlərinə görə, digər perspektiv, lakin qazma aparılmayan sahələr isə SOCAR-a təhvil veriləcək.

Ərazidə hansı qazma qurğularından istifadə olunacağına gəlincə isə o bildirib ki, əgər sahilə yaxın ərazilər olarsa, onda qurudan qazma aparılacaq və bunun üçün qurudakı qazma qurğularından istifadə olunacaq: "Əgər suyun nisbətən dərin hissəsində qazma aparılsa, onda qazma qurğusu da müvafiq olaraq seçiləcək. Buna görə də hazırda variantlara baxırıq. Amma hələlik hansı qazma qurğusunun olacağını müəyyənləşdirmək tezdir".

Qeyd edək ki, Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda mart ayından 3D seysmik tədqiqat işlərinə başlanacaq və işlərin ilin sonunadək başa çatması nəzərdə tutulur. 3D seysmik tədqiqat "Geokinetics" şirkəti tərəfindən aparılacaq.

Xatırladaq ki, 2014-cü il dekabrın 22-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə BP şirkəti arasında Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi (HPBS) imzalanıb. Bu saziş Azərbaycan hökumətinin Xəzərin milli sektorundakı bütün dəniz ərazilərinin tam tədqiq olunması ilə bağlı planının bir hissəsidir. Sazişin əhatə sahəsi Abşeron yarımadasının cənub hissəsinə doğru Xəzər hövzəsinin hüdudları boyunca uzanır. Müqavilə sahəsi 1 900 kv. km sahəni əhatə edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi