​ABŞ səfiri: “Cənubi Qafqaz boru kəmərinin genişlənməsi və Trans-Adriatik xəttinin inşası Avropada enerji təhlükəsizliyini təmin edəcək”

​ABŞ səfiri: “Cənubi Qafqaz boru kəmərinin genişlənməsi və Trans-Adriatik xəttinin inşası Avropada enerji təhlükəsizliyini təmin edəcək” ABŞ-Azərbaycan Ticarət Palatası ABŞ-ın Azərbaycana yeni təyin olunan səfiri Robert Sekutanın şərəfinə qəbul təşkil edib
Energetika
27 Mart , 2015 14:38
​ABŞ səfiri: “Cənubi Qafqaz boru kəmərinin genişlənməsi və Trans-Adriatik xəttinin inşası Avropada enerji təhlükəsizliyini təmin edəcək”

Bakı. 27 mart. REPORT.AZ/ Vaşinqtonda yerləşən ABŞ-Azərbaycan Ticarət Palatası ABŞ-ın Azərbaycana yeni təyin olunan səfiri Robert Sekutanın şərəfinə qəbul təşkil edib. Bu barədə “Report”a ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.

Qurumun icraçı direktoru Süzan Sadığova səfir Sekutanı və səfir Elin Süleymanovu, Ticarət Palatasının üzvlərini və qonaqları salamlayıb. O, hər iki səfirə təşkilatının iki dövlət arasında qarşılıqlı ticarət və biznes əlaqələrinin genişlənməsi missiyasına göstərdikləri sadiqliyə görə təşəkkür edib

Ticarət Palatasının həmsədri, Konqres üzvü Bill Delahant səfir Sekutanın iqtisadiyyat və ticarət sahəsində olan təcrübəsini və onun Dövlət Departamentində işlədiyi zaman göstərdiyi səyləri qeyd edib.

O, səfir Sekutanın ABŞ hökuməti üçün vacib olan münasibətlərin gücləndirilməsində uğur qazanacağına əmin olduğunu söyləyib.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov təşkilatçılara və qonaqlara təşəkkür edərək səfir Sekutanın Azərbaycana təyin olunmasından məmnunluğunu bildirib. O, həmçinin iki dövlət arasında olan münasibətlərin mühüm dərəcədə vacib və strateji olmasını qeyd edib və daha çox insanların bu münasibətlərə nəzər yetirməsinin vacibliyini vurğulayıb.

Səfir Sekuta isə qeyd edib ki, onun əsas məqsədlərindən biri ABŞ-Azərbaycan münasibətlərinin güclü və müsbət məcrada inkişafını təmin etməkdir. O, Azərbaycan və ABŞ arasında dərin və faydalı iqtisadi münasibətlərin inkişafı üçün güclü potensialın mövcud olduğunu deyib. Səfir qonaqlara 2014-cü ildə Azərbaycana ABŞ Mülki Aviasiya Administrasiyası tərəfindən birinci dərəcənin verilməsini və nəticədə Nyu-York və Bakı arasında uçuşun təmin olunmasını xatırladıb. Səfir Sekuta həmçinin uğurun davamı üçün iki dövlət arasında Open Skies Agreement (Açıq Səma Sazişi) üzərində danışıqların getməsini söyləyib.

Səfir Sekuta Birləşmiş Ştatların Avropanın enerji təminatının diversifikasiyasında səylər göstərən Azərbaycanın güclü tərəfdaşı olduğunu deyib: “Cənubi Qafqaz boru kəmərinin genişlənməsi və Trans-Adriatik xəttinin inşası Cənub Qaz Dəhlizini tamamlayacaq və bu çox vacib olan vaxtda Xəzər qazının Qərbi Avropaya nəql olunmasını və Avropada enerji təhlükəsizliyini təmin edəcək. Azərbaycanla əməkdaşlığın digər bir sahəsi isə Azərbaycana öz iqtisadiyyatını şaxələndirməkdə və regionda nəqliyyat və informasiya texnologiyaları mərkəzinə çevrilməkdə və həmçinin beynəlxalq turistləri cəld edən lider dövlət olmaqda yardım etməkdir”, - səfir bildirib.

Son xəbərlər

Orphus sistemi