​ABŞ neftinin "Brent"in qiymətini üstələyəcəyi gözlənilir - PROQNOZ

​ABŞ neftinin "Brent"in qiymətini üstələyəcəyi gözlənilir - PROQNOZ Texas neftinin hasilatının azalması xammalın bahalaşmasına səbəb olub
Energetika
8 Sentyabr , 2015 14:24
​ABŞ neftinin Brentin qiymətini üstələyəcəyi gözlənilir - PROQNOZ

Bakı. 8 sentyabr. REPORT.AZ/ Son aylar ərzində beynəlxalq birjalarda aparılan hərraclar zamanı WTI markalı neftin (Texas nefti) qiyməti "Brent" markalı neftin qiymətinə yaxınlaşıb və hazırda fərq 3,4 dollar/barel təşkil edir ("Brent"in xeyrinə). Halbuki, 2011-ci ilin sonunda bu qiymət fərqi "Brent"in xeyrinə 27-30 dollar olub.

"Report"un analitik qrupu qeyd edir ki, dünyanın əsas iki neft növü olan "Brent" və WTI markalı neftin qiyməti isə onların hasil olunduğu bölgələrdə hasilatın azalması və ya çoxalması ilə müəyyən edilir. Texas nefti ABŞ, "Brent" nefti isə Avropa standartlarına uyğundur. Son zamanlar ABŞ-da şist nefti hasil edən buruqların sürətlə azalması bu bölgədə neft hasilatını da azaldır. Buruqların azalmasına səbəb isə OPEC ölkələrində neftin qiymətini süni şəkildə aşağı salaraq ABŞ-ın şist neft hasilatçısı olan şirkətlərini iflas etdirmək məqsədi olub.

Qeyd edək ki, şist neftin hasilatı daha yüksək məbləğdə investisiyalar tələb edir. Neftin qiymətinin aşağı düşməsi isə bu şirkətlərin sayının azalmasına gətirib çıxarır. Bu da Texas markalı neftin qiymətinin yüksəlməsinə səbəb olacaq.

"Digər tərəfdən, "Brent" markalı neftin hasil olunduğu ölkələrdə hasilatın artımı davam edir. OPEC və Rusiya isə hasilatı azaltmaq fikrində deyil. İranın da sanksiyaların aradan qaldırılması ilə hasilatı artıracağını nəzərə alsaq, "Brent" markalı neftin qiymətinin təklifin tələbi üstələməsi səbəbindən azalması proqnozlaşdırılır", - deyə analitiklər bildirir.

"Report"un ekspertləri hesab edirlər ki, yaxın 1-2 ayda Texas markalı neft "Brent"dən daha baha satılacaq. Hətta bu fərq yaxın illərdə 10-15 dollar/barelə (WTI-in xeyrinə) qədər yüksələ bilər: "Daha çox yüksəlməsi ehtimal olunmur, çünki bu zaman "Brent" markalı neftin ABŞ-a ixracı məsələsi gündəmə gələ bilər".

Son xəbərlər

Orphus sistemi