ABŞ neft ixracına qadağanı ləğv etməyə hazırlaşır

ABŞ neft ixracına qadağanı ləğv etməyə hazırlaşır Sabah bununla bağlı Konqresdə səsvermə keçiriləcək
Energetika
16 Dekabr , 2015 12:51
ABŞ neft ixracına qadağanı ləğv etməyə hazırlaşır

Bakı. 16 dekabr. REPORT.AZ/ ABŞ Konqresi 1975-ci ildən ölkədə neft ixracına qoyulan qadağanın ləğvinə dair razılığa gəlib. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, Konqresin liderləri ölkənin 2016-cı maliyyə ili üçün büdcə xərclərinin təsdiqlənməsində ümumi razılıq əldə ediblər. Bu barədə agentliyə Nümayəndələr Palatasının spikeri Pol Rayan bildirib. 

Razılığa əsasən, dövlət aparatı xərclərinin 1,1 trln. dollar olması və neftin ixracına qoyulan qadağanın götürülməsi qərara alınıb. Bu barədə Viskonsin ştatından olan konqresmen Reyd Ribl xəbər verib. Qərarın sabah, dekabrın 17-də səsverməyə qoyulması planlaşdırılır. Qeyd edək ki, demokratlar, başda prezident Obama olmaqla qərarın əleyhinə olsalar da, respublikaçılar bu qərarın lehinə olub.

Texas ştatından Nümayəndələr Palatasının üzvü, senator Co Barton bildirib ki, daha keyfiyyətli texnologiya və neftə malik olan ABŞ neft bazarından Rusiya, Səudiyyə Ərəbistanı və İranı kənarlaşdırmağa müvəffəq olacaq. Qeyd edək ki, hazırda ABŞ-da gündəlik 9 mln. bareldən artıq neft hasil edilir. ABŞ-ın neft ehtiyatları isə 486 mln. barelə çatıb.

Məlumat açıqlandıqdan az sonra "Brent" markalı neftin qiyməti 0,3% azalaraq 38,25 dollar/barelə, WTI markalı neftin qiyməti isə 0,5% azalaraq 36,9 dollar/barelə düşüb.

Embarqonun götürülməsi ABŞ neft istehsalçılarına dünya bazarına çıxmaq və daha çox gəlir əldə edərək yatırımları artırmaq imkanı verəcək. Qərarın razılaşdırılması ilə Texas tipli WTI markalı neftin qiyməti "Brent"in qiymətinə daha da yaxınlaşıb. Hazırda hər iki neft markası arasındakı qiymət fərqi 1,3 dollara enib. Halbuki, ilin əvvəlində bu fərq 12 dollara qədər yüksəlmişdir.

Son xəbərlər

Orphus sistemi