ABŞ LNG ixracında lider olmaq yolunda - İCMAL

ABŞ LNG ixracında lider olmaq yolunda - İCMAL ABŞ-ın əsas ehtiyatlardan şist neft və qazını hasil etməsi enerji bazarında inqilab yaratdı, ölkənin enerji sənayesini canlandırdı. Şist ehtiyatların əlçatanlığı isə qeyri-ənənəvi qazma və üstün hidravlik qırılma metodları (frekinq) ilə mümkün oldu. Bu proses həm də qlobal mayeləşdirilmiş təbii qaz (Liquefied Natural Gas -LNG) bazarında tələbat bumu yaşanan bir vaxtda baş verdi. Beləliklə, şist ehtiyatlarının hasilatı və LNG-yə artan tələbat ABŞ-a yaxşı imkanlar yaratdı və ölkəni bu maye formasında olan təbii qazın əsas ixracatçılarından birinə çevirdi. Əvvəl qaz idxalçısı olan ABŞ LNG ixrac edən ölkələr sırasında öncül sıraya daxil oldu.
Energetika
26 Sentyabr , 2019 17:43
ABŞ LNG ixracında lider olmaq yolunda - İCMAL

ABŞ-ın əsas ehtiyatlardan şist neft və qazını hasil etməsi enerji bazarında inqilab yaratdı, ölkənin enerji sənayesini canlandırdı. Şist ehtiyatların əlçatanlığı isə qeyri-ənənəvi qazma və üstün hidravlik qırılma metodları (frekinq) ilə mümkün oldu. Bu proses həm də qlobal mayeləşdirilmiş təbii qaz (Liquefied Natural Gas -LNG) bazarında tələbat bumu yaşanan bir vaxtda baş verdi. Beləliklə, şist ehtiyatlarının hasilatı və LNG-yə artan tələbat ABŞ-a yaxşı imkanlar yaratdı və ölkəni bu maye formasında olan təbii qazın əsas ixracatçılarından birinə çevirdi. Əvvəl qaz idxalçısı olan ABŞ LNG ixrac edən ölkələr sırasında öncül sıraya daxil oldu.

“15 il əvvəl ABŞ neft məhsulları ixrac edirdi, lakin qəfildən “şist intibahı” baş verdi və ABŞ qaya birləşmələrindən qaz resurslarını hasil etməyi öyrəndi. Buna görə də bizim hasilat sürətlə artmağa başladı. Əvvəllər təbii qazı idxal etmək üçün terminallar inşa edilirdi, amma bu intibahla işlər dəyişdi. İndi ABŞ LNG ixrac edir”, - bunu ABŞ-ın ən böyük LNG ixrac gücünə malik ştatı olan Luiziananın İqtisadi İnkişaf ofisinin beynəlxalq ticarət üzrə icraçı direktoru Lari Kolins (Larry Collins) paytaxt Baton Rujda xarici media nümayəndələri ilə söhbətində bildirib.

LNG bazarında lider olmaq hədəfi

Hazırda ABŞ-da 5 LNG ixrac terminalı fəaliyyət göstərir, iki terminal inşa mərhələsindədir, 3 terminal üçün isə yekun investisiya qərarı qəbul edilib.

Mərkəzi ofisi Hyuston şəhərində yerləşən “Tellurian” şirkətinin araşdırma və təhlil üzrə meneceri Reni Pironq (Renee Pirrong) bildirib ki, hazırda istismarda olan və planlaşdırılan layihələrlə birlikdə ABŞ-ın LNG ixrac gücü 92,4 mln. tondur: "Bu göstərici ölkəni bazarda lider edir. Avstraliya 88,8 mln. ton, Qətər 77,8 mln. ton, Rusiya 30,6 mln. ton güclə sonrakı yerlərdədir".

Hazırda ABŞ-ın gündəlik LNG ixrac gücü 6,3 mlrd. kubfut təşkil edir. İlin sonuna bu göstəricinin 7,2 mlrd. kubfut, 2020-ci ildə isə 9,9 mlrd. kubfuta çatdırılması nəzərdə tutulur. Ölkə bu il LNG ixracında üçüncü yerə çıxmağı, 2020-ci ilin yarısında isə ən böyük ixracatçıya çevrilməyi hədəfləyir. ABŞ-ın Körfəz sahili hissəsi LNG istehsalı və ixracı üzrə lider olmaq üçün əlverişli mövqedədir.

Ölkənin əsas LNG ixracı isə Luiziana ştatının ərazisindən həyata keçirilir. ABŞ-dan ilk LNG ixracı da 2016-cı ilin fevral ayında Luiziana ştatının ərazisindən “Cheniere Energy” şirkətinə məxsus “Sabine Pass” terminalından həyata keçirilib. Bu həm də ümumi ixrac gücünün 2/3 hissəsini tutmaqla ABŞ-ın ən böyük LNG ixrac terminalı hesab olunur.

Hazırda Ştatdan LNG-nin 2/3 hissəsi ixrac olunur və əsas ixrac müqavilələri Asiya ölkələri ilə imzalanıb.

Mövcud və planlaşdırılan ixrac terminalları ilə ABŞ-ın gündəlik LNG ixrac gücünün 26 mlrd. kubfut olması planlaşdırılır ki, onun 60%-i Luiziana ərazisindəki terminallardan həyata keçiriləcək.

"Luiziana coğrafi mövqeyinə görə əlverişli yerdədir. Biz Missisipi çayının lap ağzındayıq. Bu çay vasitəsilə 38 ölkəyə çıxış imkan var. Bu, o deməkdir ki, dünyada ABŞ-dan daşınan məhsulun böyük hissəsi Luizianadan keçir. Luiziananın coğrafi mövqeyi ilə yanaşı, mövcud və planlaşdırılan LNG təsisatları, sənaye infrastrukturu, ticarət və liman həcmləri qlobal lider olmaq üçün imkan yaradır", - Kolins qeyd edib.

O qeyd edib ki, ştatda həm də 17 neft emalı zavodu var və emal gücünə görə (gündəlik 3,3 mln. barel) ABŞ-da Texasdan sonra ikinci yerdədir.

“Bu gün əldə olunanlar texnologiya və infrastrukturun nəticəsidir. Texnologiya şist qaz ehtiyatlarının hasil olunmasına imkan yaratdı, Luiziananın isə nəhəng boru kəmərləri şəbəkəsi olduğu üçün bu qaz ehtiyatlarını nəql etmək mümkün oldu. Limanlarımızın da olması qlobal çıxışı asanlaşdırdı”, - bunu isə məşğulluq yaratmaq və yaşayış standartlarının yüksəldilməsinə xidmət edən Luiziana İqtisadi İnkişaf ofisinin katibi Don Pirson (Don Pierson) bildirib.

ABŞ-da qaz qiymətlərinin formalaşmasında əsas rol oynayan doqquz ştatlararası və 4 daxili kəməri birləşdirən qazpaylama mərkəzi olan “Henry Hub” Luizianada yerləşir. Luiziana eyni zamanda Federal hökumət tərəfindən qorunan strateji neft ehtiyatları saxlanılan ərazilərdən biridir.

ABŞ-da təbii qazın qiymətinin ən aşağı olduğu ştat

“Təbii qaz hasilatının və nəqlinin artması Luizianada qazla işləyən elektrik stansiyalarının sayının kəskin artmasını təşviq etdi. Bu da elektrik enerjisi xərclərini azaltdı”, - Luiziana Dövlət Universitetinin Enerji Tədqiqatları Mərkəzində professor köməkçisi vəzifəsində çalışan Qreqory Apton (Gregory B. Upton) bildirib. Onun sözlərinə görə, təbii qazın bolluğuna görə Luizianada elektrik enerjisi ABŞ-da ən aşağı qiymətədir: “Luizianada elektrik enerjisinin qiyməti əhali üçün 1 Kvt/s 10 cendir. Bu tarixdə ən aşağı qiymətdir”.

O bildirib ki, son illərdə Luizianada qonşu Texas ştatından fərqli olaraq daha çox insan “daunstrim” sektorunda çalışır.

L. Kolins də qeyd edib ki, dünya bazarında neftin qiymətinin düşməsi ilə hasilat sektorunda itirilən iş yerləri tikinti, emal zavodlarındakı iş yerləri ilə qazanıldı və iqtisadiyyat bu sayədə inkişaf etdi. O, təmsil etdiyi qurumun da bu sahədə bəzi dəstək proqramlarının olduğunu əlavə edib: “Bizim dəstək proqramlarımız daha çox daunstrim sektoruna yönəlib. Məsələn, LNG istehsalı və ixracını həyata keçirənlər üçün dəstəyimiz var, çünki bu sahə əlavə dəyər yaradır və digər fəaliyyətlərə imkan verir Dəstək proqramlarımız iki elementə fokuslanıb: daha yaxşı iş yaratmaq və iqtisadiyyata o layihənin təsirini dəyələndirmək”.

Layihələrin reallaşdırılması Luiziana üçün iş və investisiya imkanları yaradır. Araşdırmalara görə, LNG layihələri  ştatda 33 760 iş, 98,5 mlrd. dollar qədər isə investisiya imkanları yaradacaq.

Son xəbərlər

Orphus sistemi