Bakı. 8 noyabr. REPORT.AZ/ Gələn il ABŞ-da neft hasilatının 1970-ci ildə qeydə alınan tarixi rekord həddi ötəcəyi proqnozlaşdırılır.
"Report" xəbər verir ki, bu barədə OPEC təşkilatının 2040-cı ilə qədər neft bazarının inkişafı ilə bağlı hazırladığı yeni hesabatda bildirilir.
Sənəddə qeyd olunub ki, neft hasilatı 2018-ci ildəki tarixi rekord həddi - 9,6 mln. barel/günü ötəcək, hazırda isə 2015-ci ilin aprelində qeydə alınan pik səviyyəyə çatıb.
OPEC-in proqnozlarına görə, ABŞ-da neft hasilatı yaxın illərdə artacaq: 2022-ci ilə qədər ABŞ neft və kondensatın hasilatını 30% artıraraq 16,1 mln. barel/günə çatdıracaq, şist neft hasilatında artım 76%-ə çatacaq və təxminən 7,4 mln. barel/gün təşkil edəcək.
Bununla yanaşı, bildirilir ki, 2027-ci ilə qədər ABŞ-da neft hasilatının pik səviyyəyə yüksələcəyi, daha sonra isə tədricən azalacağı ehtimal edilir. 2040-cı ilə isə neft hasilatının 14,2 mln. barel/günə kimi geriləyəcəyi gözlənilir.