ABŞ Dövlət Departamenti: “İGB və TAP Yunanıstanı enerji mərkəzinə çevirib”

ABŞ Dövlət Departamenti: “İGB və TAP Yunanıstanı enerji mərkəzinə çevirib” Yunanıstanın enerji mərkəzinə çevrilməsi Yunanıstan-Bolqarıstan İnterkonnektoru (İGB), Trans-Adriatik Qaz Boru Kəməri (TAP) və Revitussa mayeləşdirilmiş təbii qaz (LNG) terminalı kimi layihələrə illərlə qoyulan investisiyalar sayəsində mümkün olub.
Energetika
13 dekabr 2022 07:10
ABŞ Dövlət Departamenti: “İGB və TAP Yunanıstanı enerji mərkəzinə çevirib”

Yunanıstanın enerji mərkəzinə çevrilməsi Yunanıstan-Bolqarıstan İnterkonnektoru (İGB), Trans-Adriatik Qaz Boru Kəməri (TAP) və Revitussa mayeləşdirilmiş təbii qaz (LNG) terminalı kimi layihələrə illərlə qoyulan investisiyalar sayəsində mümkün olub.

“Report”un xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun dövlət katibinin köməkçisi Ceffri R. Payett (Geoffrey R. Pyatt) bildirib.

Onun sözlərinə görə, Aleksandrupolis üzən mayeləşdirilmiş təbii qaz anbarı (FSRU -Floating Storage Regasification Unit) və Yunanıstan-Şimali Makedoniya birləşdirici xətti şəbəkəyə qoşulduqda onun regional əhəmiyyəti artmağa davam edəcək.

O bildirib ki, karbon izlərini minimuma endirməklə yanaşı, bu növ infrastrukturun təkmilləşdirilməsi və genişləndirilməsi investorların nəzərdən keçirəcəyi digər perspektivli sahədir.

Xatırladaq ki, bu ilin oktyabrın 1-də kommersiya istismarına verilən Yunanıstan-Bolqarıstan İnterkonnektoru Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağ”ın Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.

Avropa Komissiyası iyul ayında Azərbaycanla təbii qazın idxalını 2027-ci ilə qədər ildə ən azı 20 milyard kubmetrə çatdırmaq üçün anlaşma memorandumu imzalayıb. Trans-Adriatik Boru Kəmərinin qaz kəmərinin ötürmə qabiliyyətinin iki dəfə artırılması ilə bağlı yekun qərar gələn ilin əvvəlində qəbul olunacaq. Əlavə təbii qaz Azərbaycanın bir neçə yatağından gələcək.

Qeyd edək ki, Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Qaz Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

Qeyd edək ki, Azərbaycan 2022-ci ildə Avropa İttifaqına qaz tədarükünü 40 % artıraraq 11,5 milyard kubmetrə çatdırmağı planlaşdırır. 2021-ci ildə Azərbaycandan Avropaya 8,2 milyard kubmetr təbii qaz tədarük olunub.

Son xəbərlər

Orphus sistemi