ABŞ-da yeni nəhəng neft-qaz yataqlar kəşf edilib

ABŞ-da yeni nəhəng neft-qaz yataqlar kəşf edilib Yeni kəşf olunan yataqlar ABŞ-ın 11 illik ehtiyacını təmin edəcək
Energetika
19 Aprel , 2017 17:00
ABŞ-da yeni nəhəng neft-qaz yataqlar kəşf edilib

Bakı. 19 aprel. REPORT.AZ/ ABŞ-ın Texas və Luiziana ştatlarının cənubunda yerləşən "Bossier" və "Haynesville" sahələrində 8,61 trln. kubmetr həcmdə təbii qaz və 4 mlrd. barel həcmdə neft ehtiyatı tapılıb. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı ABŞ-ın Geologiya Araşdırmaları Mərkəzi (USGS) verib. Ekspertlər kəşf olunan qaz ehtiyatının ABŞ-ın 11 illlik qaz ehtiyacına bərabər olduğunu bildiriblər.

ABŞ Energetika Nazirliyi Energetika İnformasiyaları Agentliyinin (EİA) məlumatına görə, 2016-cı ildə ABŞ-da 779 mlrd. kubmetr qaz istehlak edilib. Yeni kəşf edilən yataqla birlikdə ABŞ-ın hazırda 10,4 trln. kubmetr olan qaz ehtiyatı 83% artaraq 19 trln. kubmetri ötüb. İstehlakın sabit qalması durumunda bu ehtiyatlar ABŞ-ın 24 illik qaz ehtiyacını təmin edir.

Xatırladaq ki, keçən il ABŞ-ın Texas ştatının "Wolfcamp" sahəsində 20 mlrd. barel həcmində neft ehtiyatı kəşf edilib və bu S.Ərəbistanı və Küveytdəki sahələrdən sonra dünyanın 4-cü böyük neft ehtiyatı sahəsi olub. Beləliklə, "Wolfcamp", "Bossier" və "Haynesville" sahələrindəki neft ehtiyatlarının kəşf edilməsindən sonra 2015-ci ilin sonunda 55 mlrd. barel olan ABŞ-ın neft ehtiyatları 44% artaraq 79 mlrd. barelə çatıb. Bu da 2016-ci ildə gündəlik orta hesabla 19,6 mln. neft və neft məhsulları istehlak edən ABŞ-a 11 ildən çox yetərli olacaq.

Son xəbərlər

Orphus sistemi