ABŞ-da neft ehtiyatları artmağa davam edir

ABŞ-da neft ehtiyatları artmağa davam edir Neft ehtiyatları ilə bərabər benzin ehtiyatları da artıb
Energetika
26 Aprel , 2017 09:29
ABŞ-da neft ehtiyatları artmağa davam edir

Bakı. 26 aprel. REPORT.AZ/ ABŞ-ın neft ehtiyatları 15-21 aprel həftəsində 0,897 mln. barel artım göstərib. "Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu barədə məlumat Amerika Neft İnstitutunun (API) hesabatında yer alıb. API-nin hesabatına görə, həftə ərzində ABŞ-ın benzin ehtiyatları 4,45 mln. barel artıb.

Qeyd edək ki, API göstəricisi ABŞ Energetika Nazirliyi Energetika İnformasiyaları Agentliyinin (EİA) bu gün, aprelin 26-da Bakı vaxtı ilə saat 18:30-da açıqlayacağı rəsmi neft ehtiyatları göstəricisinin ilkin siqnalı kimi qəbul olunur. Analitiklər ABŞ-da neft ehtiyatlarının rəsmi göstəricisinin 1,75 mln. barel azalacağını və 530,6 mln. barel təşkil edəcəyini proqnozlaşdırırlar. Neft ehtiyatlarında azalma onun qiymətinin artmasına gətirib çıxara bilər.

"Report"un analitik qrupu bildirir ki, analitiklər neft ehtiyatlarında azalma gözlədikləri halda API-nin hesabatına əsasən neft və benzin ehtiyatlarında artım "Brent" markalı neftin qiymətinin azalmasına gətirib çıxarıb. Hazırda bu markalı neft 52,5 dollar/bareldən baha satılır.

Neftin qiymətində əsas dəyişikliyin may ayında olacağı ehtimal edilir. Belə ki, OPEC təşkilatının may ayında keçirəcəyi iclasda neft hasilatının azaldılması ilə bağlı 30 noyabr Vyana anlaşmasını uzatması ehtimalı yaxın günlərdə neft qiymətlərinin kəskin artaraq 60 dollar/barel səviyyəsini ötməsinə gətirib çıxara bilər.