​ABŞ-da hasilat qısa müddətdə 500 min barel arta bilər

​ABŞ-da hasilat qısa müddətdə 500 min barel arta bilər Neft 50 dollar həddini keçərsə, kəskin düşə bilər
Energetika
28 Aprel , 2016 19:15
​ABŞ-da hasilat qısa müddətdə 500 min barel arta bilər

Bakı. 28 aprel. REPORT.AZ/ Qazılmış və hidroparçalanma ərəfəsində olan quyular qısa müddətdə ABŞ-da hasilatı gündəlik 500 min barel artıra bilər. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, neftin qiyməti 45 dollar/bareli keçdiyi halda şist neft hasilatçıları dondurulmuş hazır quyulardakı fəaliyyətlərini aktivləşdirə bilərlər. Bu da neft qiymətlərinin ciddi korreksiyasına gətirib çıxara bilər. Bu barədə agentliyə Melburnda yerləşən "İG" investisiya şirkətinin analitiki Angus Nikolson müsahibəsində bildirib. Beləliklə, neft bazarında təklif yenidən arta bilər. "Bloomberg" agentliyi həmçinin qeyd edib ki, hazırda keçən ilin analoji dövrü ilə müqayisədə 3 dəfə çox, yəni 4 731 quyu hidroparçalanmaya hazır vəziyyətdə gözləyir. Qeyd edək ki, hazırda neft qiymətləri bu ilin minimal səviyyəsi olan 27,1 dollar/bareldən 74% yüksəlib və 47 dollar/bareldən satılır.

Bu həftə açıqlanan "Pioneer Natural Resources" kəşfiyyat şirkətinin hesabatına görə, şirkət nəinki ilk rübdə daha çox neft hasil edib, o, hətta neft qiymətləri 50 dollar/barelə yaxınlaşdığında əlavə quyuları işə salacağını bildirib.

Qeyd edək ki, 2015-ci ildə eyni hadisə baş verib və neft qiymətləri 60 dollar/barel həddini keçəndə ABŞ şist neft şirkətləri hasilatı artırıb. Nəticədə neft qiymətləri kəskin azalaraq 27 dollara qədər enib. Hazırda ABŞ-da gündəlik neft hasilatı 9 mln. barelin altına geriləyib. Bu, 2014-cü il oktyabr ayından etibarən ən minimal səviyyədir. Qazma şirkətləri 2016-cı ildə 190-dan çox quyunun fəaliyyətini dayandırıb.

"Report"un analitik qrupu hesab edir ki, neft qiymətləri 50 dollar/barel səviyyəsini keçərsə, daha kəskin düşə bilər. Amma 40-50 dollar/barel diapazonunda qalarsa, bu səviyyədə uzun müddət qiymətləri sabit saxlaya bilər. 

Son xəbərlər

Orphus sistemi