ABŞ-da aktiv neft-qaz quyularının sayı daha 15 ədəd artıb

ABŞ-da aktiv neft-qaz quyularının sayı daha 15 ədəd artıb Neftin qiyməti artdıqca, hasilat da sürətlə genişlənir
Energetika
8 Aprel , 2017 10:09
ABŞ-da aktiv neft-qaz quyularının sayı daha 15 ədəd artıb

Bakı. 8 aprel. REPORT.AZ/ ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı aprelin 1-dən aprelin 7-dək 15 ədəd və ya 1,82% artaraq 839-a çatıb.

"Report" ABŞ-ın "Baker Hughes" şirkətinə istinadən xəbər verir ki, hesabat həftəsində aktiv neft quyularının sayı 10 ədəd və yaxud 1,51% artaraq 672 ədəd, qaz quyularının sayı 5 ədəd və yaxud 3,13% artaraq 165 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 2-yə bərabər olub. Keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 318 və yaxud 89,83%, qaz quyularının sayı isə 76 ədəd yaxud 85,39%, ümumilikdə isə neft-qaz quyularının sayı 396 ədəd və yaxud 89,39% artıb.

Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ötən ilin mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddidir. Hazırda aktiv neft quyularının sayı minimal həddən 2,13 dəfə çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 58,23% aşağıdır.

"Baker Hughes"ə görə, ABŞ-da gündəlik neft hasilatı son 13 ayın maksimal həddinə çatıb və 9,199 mln. barel təşkil edib.

"Report"un analitik qrupu qeyd edir ki, yaxın 3-6 ay ərzində neftin qiymətinin 50-65 dollar/barel diapazonunda hərəkət edəcəyi gözlənilir. Belə olduğu halda, ABŞ-da aktiv neft quyularının sayında da artım davam edəcək. Bu isə öz növbəsində hasilatın artmasına gətirib çıxaracaq.

Son xəbərlər

Orphus sistemi