ABŞ-da aktiv neft-qaz quyularının sayı 600-ə yaxınlaşıb

ABŞ-da aktiv neft-qaz quyularının sayı 600-ə yaxınlaşıb Neft qiymətlərinin artması ABŞ-da quyuların yenidən işə başlamasına kömək edəcək
Energetika
108
3 Dekabr , 2016 11:30
ABŞ-da aktiv neft-qaz quyularının sayı 600-ə yaxınlaşıb

Bakı. 3 dekabr. REPORT.AZ/ ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı noyabrın 28-dən dekabrın 2-dək 4 ədəd və ya 0,67% artaraq 597 ədəd təşkil edib.

"Report" ABŞ-ın "Baker Hughes" şirkətinə istinadən xəbər verir ki, hesabat həftəsində aktiv neft quyularının sayı 3 ədəd və yaxud 0,6% artaraq 477 ədəd, qaz quyularının sayı 1 ədəd və yaxud 0,85% artaraq 118 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 1 ədəd olub. Beləliklə, keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 68 ədəd və yaxud 12,47%, qaz quyularının sayı isə 73 ədəd və yaxud 38%, ümumilikdə isə neft-qaz quyularının sayı 140 ədəd və yaxud 19% azalıb.

Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı bu ilin mayın 25-nə 316 ədəd olub, bu da son 7 ilin minimal həddir. Hazırda aktiv neft quyularının sayı minimal həddən 88,9% çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 62,9% aşağıdır.

"Report"un analitik qrupu qeyd edir ki, noyabrın 30-da Vyanada keçirilən OPEC sammitində hasilatın üzv ölkələr üçün 1,2 mln. barel/gün, üzv olmayan ölkələr üçün isə 0,6 mln. barel/gün azaldılması qərarı alınıb. Bundan sonra, neft qiymətləri 55 dollar/barelə yaxınlaşıb. Yaxın günlərdə neft qiymətlərinin 60 dollar/barelə çatması gözlənilir ki, belə olduğu təqdirdə ABŞ-da aktiv neft quyularının sayında ciddi artım ola bilər.