ABŞ Avropanın qaz bazarında rəqabəti gərginləşdirir

ABŞ Avropanın qaz bazarında rəqabəti gərginləşdirir ABŞ maye qaz bazarında Rusiya, habelə Norveç, Əlcəzair və Yaxın Şərq ölkələri ilə ciddi rəqabət aparacaq
Energetika
22 Aprel , 2016 12:26
ABŞ Avropanın qaz bazarında rəqabəti gərginləşdirir

Bakı. 22 aprel. REPORT.AZ/ ABŞ-ın ixrac etdiyi ilk maye qaz tankerinin aprelin sonunda Avropaya çatması gözlənilir. "Report"un "Wall Street Journal"a (WSJ) istinadən verdiyi xəbərə görə, ABŞ-dan ixrac olunan qaz Avropada "qiymət müharibəsi"nə səbəb ola bilər. Bu da nəticədə istehlakçılar üçün qiymətlərin düşməsinə gətirib çıxara bilər.

İlk tanker artıq Luiziana limanından Portuqaliyaya yola salınıb və aprelin sonunda təslimat yerinə çatması gözlənilir. "Societe General" bankının analitiki Tyeri Brosun (Thierry Bros) fikrincə, ABŞ qazının Avropa bazarına daxil olması burada hazırda liderlik edən Rusiyanın mövqelərini sıxışdıra bilər. Bununla da maye qazla boru xətti ilə nəql olunan təbii qaz arasındakı qiymət fərqi ilə bağlı kəskin rəqabət yaranacaq.

Qeyd edək ki, ABŞ maye qaz ixracına fevralda başlayıb. ABŞ-ın "Cheniere Energy" şirkəti məhsulun ilk partiyasını Braziliyaya göndərib. Bundan sonra şirkət avropalı alıcılarla uzunmüddətli kontraktlar imzalayıb. Ekspertlər hesab edirlər ki, ABŞ məhsulu Avropa bazarında önəmli yer tutacaq. Şist yanacaq bumu ABŞ enerji bazarını təmamilə dəyişib və bu ölkənin artıq 2017-ci ildə xalis qaz ixracatçısı olacağı gözlənilir.

Analitiklər hesab edirlər ki, ABŞ maye qazı Avropa bazarının 1/3-nə hakim olan Rusiya, habelə Norveç, Əlcəzair və Yaxın Şərq ölkələri ilə rəqabət aparmaq iqtidarındadır. İlkin dəyərləndirmələrə görə, ABŞ qazının 4,3 dollar/MMBtu olması ehtimal edilir. Belə ki, Rusiya qazı hazırda 5,8 dollar/MMBtu təşkil edir. "WSJ" analitikləri isə hesab edirlər ki, ABŞ qazının Avropa bazarına daxil olması nəticəsində ciddi rəqabət yaranarsa, Rusiya qiyməti 3 dollara qədər endirə bilər. "Qazprom"dan bildiriblər ki, ABŞ-ın ucuz qaz satması durumunda şirkət xərclərini azaltmağa çalışacaq.

Son xəbərlər

Orphus sistemi