Bakı. 21 fevral. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzərin milli sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 2016-cı ildə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 7,5 mln. kubmetr səmt qazı verib.
“Report” “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, ümumilikdə isə ötən il SOCAR-a 2,75 mlrd. kubmetr səmt qazı verilib.
Hesabat ilində SOCAR-a verilən səmt qazının həcmi 2015-ci illə müqayisədə 14% azalıb.
Bildirilib ki, hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
Xatırladaq ki, "AÇG" yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb.1995-ci ilin fevralında ABƏŞ yaradılıb. Bu yataqlar blokunun əməliyyatçısı isə ABƏŞ adından çıxış edən BP şirkətidir. "AÇG"-də BP (operator – 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "İnpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "İtochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL, 2,7%) şirkətləri iştirak edir.