Yuxarı

ABŞ-da Cənub Qaz Dəhlizi ilə bağlı təqdimat keçirilib

Kolumbiya Universitetində keçirilən tədbir Cənub Qaz Dəhlizi: Perspektivlər və problemlər mövzusuna həsr olunub

Bakı. 27oktyabr. REPORT.AZ/ Nyu-York şəhərində (ABŞ) Kolumbiya Universitetinin Qlobal Enerji Siyasəti Mərkəzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov tərəfindən "Cənub Qaz Dəhlizi: Perspektivlər və problemlər (Çağırışlar)" mövzusunda təqdimat keçirilib.

SOCAR-dan "Report"a verilən məlumata görə, V.Bəylərbəyov təqdimatında Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinə verəcəyi töhfə haqqında danışıb, qaz kəmərinin 7 ölkədən keçəcəyi, o cümlədən, 12 investor şirkətin və 12 qaz alıcısının olduğu meqalayihənin mürəkkəbliyi barədə məlumat verib.

Şirkət rəsmisi qeyd edib ki, layihənin kəşfiyyat və hasilat mərhələsi və Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TANAP boru kəməri üzrə işlər qrafikə uyğun olaraq həyata keçirilir.

V.Bəylərbəyov Azərbaycanın Avropa üçün etibarlı qaz təchizatçısı olduğunu vurğulayıb və bildirib ki, təchizatdakı fasilələr siyasi səbəblərdən deyil, adətən, texniki səbəblərdən və ya kəskin tələbat artımı və əlverişsiz hava şəraitinə görə baş verir. Bununla yanaşı vurğulanıb ki, Avropaya etibarlı təchizatçı olmaq istiqamətindəki səyləri çərçivəsində Azərbaycan özünün qaz anbarlarının həcmini də genişləndirir.

Tədbirdə Kolumbiya Universitetinin tələbə və müəllim heyəti iştirak edib. Tədbirin sonunda iştirakçıların çoxsaylı sualları cavablandırılıb. Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsində baş verəcək yeniliklər haqqında yaxın gələcəkdə təqdimatın keçirməsi üçün yenidən Mərkəzə dəvət olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi