Bakı. 1 avqust. REPORT.AZ/ “D230” blokunda ilk seysmik tədqiqatın 2019-cu ilin birinci yarısında aparılması planlaşdırılır.
“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin I yarımilliklə bağlı hesabatında qeyd edilib.
“2018-ci ilin aprel ayında “D230” blokunun birgə kəşfiyyatı və işlənməsi haqqında yeni hasilatın pay bölgüsü sazişi imzalandıqdan sonra seysmik tədqiqat proqramı üçün planlar hazırlanmağa başlanıb. Bu sazişin Milli Məclis tərəfindən ratifikasiya olunmasından asılı olmaqla müqavilə sahəsində ilk seysmik tədqiqatın 2019-cu ilin birinci yarısında aparılması planlaşdırılır”,- məlumatda bildirilib.
Qeyd edək ki, saziş Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniyanın baş naziri Tereza Meyin iştirakı ilə London şəhərində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP Qrupunun baş icraçı direktoru Bob Dadli tərəfindən imzalanıb.
"D230" bloku Xəzər dənizində Bakının şimal-şərq istiqamətində, təxminən, 135 kilometr (84 mil) məsafədə yerləşir. Blok, təxminən, 3200 kvadrat kilometr ərazini əhatə edir. Blokun məhsuldar laylarının gözlənilən dərinliyi, təxminən, 3500 metrdir. 25 illik müddəti əhatə edən HPBS-ə əsasən, BP 50 faiz iştirak payına malik olmaqla kəşfiyyat dövründə operator olacaq, iştirak payının digər 50 faizi isə SOCAR-a məxsus olacaq. Bundan əvvəl, 2016-cı ilin may ayında "D230" blokunda geoloji kəşfiyyat işlərinin aparılması haqqında SOCAR-la qarşılıqlı anlaşma memorandumu imzalanıb.