Yuxarı

"Şahdəniz" konsorsiumu iki yeni müqavilə imzalayıb

Müqavilələrin ümumi dəyəri 200 mln. dollar təşkil edir

Bakı. 1 oktyabr. REPORT.AZ/ "Mərhələ-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ümumi dəyəri 200 mln. ABŞ dolları olan iki yeni müqavilə bağlayıb. "Report"un Konsorsiumdan aldığı məlumata əsasən, sualtı xətlərin örtüklənməsi və ilkin sualtı ixrac xəttinin örtüklənməsi işlərini əhatə edən bu müqavilələr “Bredero Shaw International B.V.” şirkəti ilə imzalanıb. Örtüklənmə işlərinə 2014-cü ilin sonunda başlanacaq, bu da  2015-ci ilə planlaşdırılan boru kəmərlərinin çəkilməsi üzrə işlərin birinci mərhələsini və 2018-ci ilə nəzərdə tutulan ikinci mərhələsini borularla təmin etməyə imkan yaradacaq.

Məlumatda qeyd olunub ki, "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi üzrə yekun sərmayə qərarı qəbul edildikdən sonra konsorsium tərəfindən 9 mlrd. dollar dəyərində mühəndis-layihələndirmə, tikinti və təchizat müqavilələri imzalanıb.

Xatırladaq ki, "Şahdəniz" yatağının işlənməsinə dair müqavilə Bakıda 1996-cı il iyunun 4-də imzalanıb və həmin il oktyabrın 17-də Milli Məclis tərəfindən ratifikasiya olunub. Layihədə BP (operator - 28,8%), "Statoil" (15,5%), SOCAR (16,7%), "LUKoil" (10%), NICO (10%), "Total" (10%) və TPAO (9%) şirkətləri iştirak edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi