Zoologiya İnstitutu: "Hazırda yaşayış yerlərində müşahidə olunan ağcaqanadların yaranma səbəbi nəmişlikdir"

Zoologiya İnstitutu: "Hazırda yaşayış yerlərində müşahidə olunan ağcaqanadların yaranma səbəbi nəmişlikdir" "Nəmişlik olanda hətta soyuq vaxtlarda, qışda da ağcaqanada rast gəlmək olur"
Elm və təhsil
13 Aprel , 2017 20:33
Zoologiya İnstitutu: Hazırda yaşayış yerlərində müşahidə olunan ağcaqanadların yaranma səbəbi nəmişlikdir

Bakı. 13 aprel. REPORT.AZ/ "Hazırda yaşayış yerlərində müşahidə olunan ağcaqanadların yaranma səbəbi nəmişlikdir".

Bunu "Report"a açıqlamasına Zoologiya İnstitutunun Baş elmi işçisi Əli Nəsirov deyib.

O bildirib ki, şəhər yerlərində mənzillərdə nəmişlik olanda hətta soyuq vaxtlarda, qışda da mənzillərdə ağcaqanada rast gəlmək olur: "Ağcaqanadlar qış aylarında olmur, çünki may ayının əvvəlindən etibarən ağcaqanadların inkişaf dövrü başlayır, yəni yumurta qoymağa başlayırlar. Onlarda əsas artım iyun, iyul, avqust, sentyabr aylarında olur. Ağcaqanadların inkişaf dövrü havanın temperaturu ilə əlaqədardır".

Ə.Nəsirov ağcaqanadların inkişafı üçün su hövzələrinin vacibliyindən danışaraq deyib ki, bu canlılar suya, məsələn gölə yaxın ərazilərdə daha çox rast gəlinir: "Onların inkişafı üçün mütləq su hövzəsi olmalıdır. İstirahət yerlərində, bağlarda böyük hovuzlar olan yerlərdə də ağcaqanadların çoxalma səbəbi sudur".

Mütəxəssisin sözlərinə görə, insan və heyvanları ancaq dişi ağcaqanadlar sancır, erkək ağcaqanadlar isə bitki şirələri ilə qidalanır, onlar qan sovurmur:

Ağcaqanadlarla mübarizə metorlarından danışan mütəxəssis deyir ki, 20-30 il əvvəl ağcaqanadlardan qorunmaq üçün kimyəvi maddələrdən istifadə olunub: "Son dövrlərdə yeni bioloji mühafizə vasitələrinin istifadəsinə başlanılıb. Hazırda evlərdə ağcaqanad əleyhinə istifadə etdiyimiz quru ("lövhəciklər") və maye şəklində olan preparatlar kimyəvi vasitələrdir. Bu preparatlar xüsusi "fumiqator" adlandırılan aparata yerləşdirilir və aparat qızdıqda preparatın tərkibində olan maddə (zəhər) buxarlanaraq ağcaqanadları öldürür. Həmin aparatı cərəyan yuvasına taxdıqdan 30 dəqiqə sonra vasitə ağcaqanadlara təsir etməyə başlayır. Fumiqator yalnız 1-2 saat ərzində elektrik rozetkada qalmalıdır. Bu müddət ağcaqanadların məhv olmasına kifayət edir".

Ə.Nəsirov deyib ki, həmin vasitələrin içlik vərəqində insana heç bir ziyanı olmaması yazılsa da, aparat düzgün istifadə olunmayanda insan səhhətinə ziyan verə bilər: "Çünki həmin preparatlar kimyəvi vasitədir. Məsələn Fumiqatoru otaqda yandıran zaman otağın pəncərələri açıq olmalıdır. Əks halda bu vasitələrin tərkibində olan zəhərin konsentrasiyası otağın havasında artır, zəhər nəfəsalma zamanı insanın qanına düşür və nəticədə vasitə artıq ağcaqanadlar üçün deyil, insanlar üçün ziyanlı olur".

Son xəbərlər

Orphus sistemi