Yuxarı

Zaqatalada ilk dəfə maksimum bal toplayan abituriyent: "Qəbul imtahanında 1000 bal da toplayardım" - MÜSAHİBƏ

Mən Allahın izni ilə kardioloq olacam və ürək çatışmazlığı yaşayan insanlara yardım edəcəm

Zaqatala. 29 iyul. REPORT.AZ/ Builki qəbul imtahanında Zaqataladan ilk dəfə olaraq abituriyent 700 bal toplayıb. İyulun 14-də keçirilən IV qrup üzrə imtahanda bütün suallara doğru cavab yazmaqla 100 faiz nəticə göstərən 15 nəfərdən biri də Zaqatala rayon Əliabad qəsəbə sakini, 19 yaşlı Asya Mahmudovadır. Onun təhsil aldığı məktəbin direktoru "Report"a bildirib ki, bu nəticə təkcə Zaqatala rayonu üçün deyil, Şimal-Qərb bölgəsində ilk dəfə qeydə alınıb.

Asya Məmmədovanın "Report"a müsahibəsini təqdim edirik.

- Necə oldu ki, kənd şəraitində belə yüksək səviyyədə hazırlaşa bildin?

- Düzdür, kənd şəraitində təhsil almaq üçün yüksək şərait yoxdur. Ancaq birinci sinifdən mən dərslərimi yaxşı oxumuşam. Həmişə beş qiyməti almışam. Hətta birinci sinfə gedəndə artıq çətinlik çəkmədən üzdən oxumağı bilirdim. Onu da deyim ki, ali məktəbə hazırlıq üçün son üç ildə ciddi hazırlaşmışam. Demək olar ki, televizora baxmamışam (Gülür..)

- Özünə əmin idin ki, yüksək nəticə göstərəcəksən?

- Əgər qəbul imtahanı 1000 ballıq sistemlə hesablansaydı, mən 1000 bal yığardım. Sınaq imtahanlarında həmişə yüksək nəticə göstərmişəm. Yığdığım ballar 680-700 arasında olub. Yüksək nəticə göstərəcəyimə daha çox müəllimlərim inanırdılar.

- Ali məktəbi harda oxumaq istəyirsən?

- Hələ ki, Bakıda Azərbaycan Tibb Universitetində təhsilimi davam etdirəcəm. Amma gələcəkdə xaricdə təhsil almağı da düşünürəm.

- Necə oldu ki, IV qrupa imtahan verdin və həkimliyi seçdin?

- Hər zaman müəllim və ya həkim olmağı istəmişəm. Ancaq insanlara şəfa vermək üçün həkimliyi seçdim. Hər bir insan əsas orqan sayılan ürəyinin hesabına yaşayır. Mən də Allahın izni ilə kardioloq olacam və ürək çatışmazlığı yaşayan insanlara yardım edəcəm.

- Gün ərzində təqribən neçə saat çalışırdın?

- Gün ərzində vaxtımın çox hissəsi demək olar ki, dərslərimə, hazırlığıma gedib. Zəruri işlərimdən başqa, istirahətimə, başqa işlərə çox da vaxt ayırmırdım. Demək olar ki, gün ərzində bəlkə də 2 saat dərs çalışmadığım vaxt olub. Hətta son üç ildə televizora baxdığım yadıma gəlmir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi