Yuxarı

Rektor: “Müəllimlər İnstitutunun ADPU-ya birləşdirilməsi işləri tam yekunlaşıb”

AMİ-də çalışan müəllimlərin hamısı işlə təmin olunacaq və heç biri ixtisar olmayacaq

Bakı. 14 iyul. REPORT.AZ/ “Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) birləşdirilməsi işləri tam olaraq yekunlaşıb”.

“Report”un məlumatına görə, bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) yeni rektoru Cəfər Cəfərov deyib.

Onun sözlərinə görə, AMİ-də çalışan müəllimlərin hamısı işlə təmin olunacaq və heç bir ixtisar olmayacaq.

C.Cəfərov həmçinin qeyd edib ki, hazırda ADPU-da ümumi tələbə sayı Azərbaycan Dövlət Pedaqoji Kolleci ilə birlikdə 20 min civarındadır: “Builki məzunları nəzərə alsaq, bu rəqəm bir az azalacaq. Çünki qəbul planında müəyyən dəyişikliklər edilib”.

Eyni zamanda, rektor universitetdaxili hansısa dəyişiklik barədə ətraflı məlumat verməyin hələ tez olduğunu bildirib: “Hazırda ciddi hazırlıq işləri gedir. Yarımçıq məlumat çaşqınlıq yarada bilər. Ona görə də bir müddət gözləmək məsləhətdir”.

Xatırladaq ki, keçən il Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulub. Eyni zamanda, AMİ-nin Ağcabədi, Cəlilabad, Qazax, Quba, Şamaxı, Şəki və Zaqatala filialları Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialları hesab olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi