Yuxarı
    Bağlamaq

    Yeni orfoqrafiya sözlüyü Dil Komissiyasının üzvləri arasında ciddi fikir ayrılığına səbəb olub

    “Afaq Məsud indiyə kimi lüğət hazırlamayıb”
    © Report

    Bakı. 8 yanvar. REPORT.AZ/ Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nəşr etdiyi “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının üzvləri arasında ciddi fikir ayrılığına səbəb olub.

    “Bu lüğət həm cəmiyyətimizə, həm də mütəxəssislərə göstərir ki, lüğət necə olmalıdır”

    Dövlət Dil Komissiyasının üzvü, Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nün redaktoru Nizami Cəfərov “Report”a açıqlamasında deyib ki, hazırda akademik nəşr sayılan “Orfoqrafiya” lüğətində çoxlu qüsurlar var: “Dilçilik ictimaiyyətində də bu lüğətlə bağlı xeyli mübahisələr var. Həm orda olan orfoqrafiya qaydaları yaxşı deyil, həm də olan qaydalara da düzgün əməl olunmayıb. O lüğətdən düzgün yazılış qaydaları baxımından istifadə etmək olmur”.

    N.Cəfərovun sözlərinə görə, “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” əvvəlki lüğətdən həm elmi əsaslığına, həm söz anlayışına görə çox təkmildir: “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” bu gün bizim ən mükəmməl lüğətimizdir. Bu lüğət bundan sonra yaranacaq orfoqrafiya lüğətləri üçün çox mühüm mənbə olacaq, yeni orfoqrafiya qaydalarının hazırlanmasına da kömək edəcək. Bu lüğət həm cəmiyyətimizə, həm də mütəxəssislərə göstərir ki, lüğət necə olmalıdır. “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” mükəmməl elmi əsaslarla yaradılıb”.

    O qeyd edib ki, dövlət lüğəti yox, qaydaları təsdiq edir: “Orfoqrafiya” lüğət dövlət tərəfindən təsdiq olunmur. Orfoqrafiya qaydaları lüğət tərəfindən təsdiq olunur. Həmin qaydalara riayət edərək lüğət tərtib etmək olar. Lüğəti hər kəs qaydalar əsasında nəşr edə bilər.”

    Dövlət Dil Komissiyasının üzvünün sözlərinə görə, hazırda “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” yeganə istinad olunacaq lüğətdir: “Bu lüğət varsa AMEA-nın hazırladığı lüğət nüfuzunu itirib. Amma AMEA tərəfindən yeni lüğət hazırlanarsa, bu lüğətin prinsipləri orda gözlənilərsə, orfoqrafiya qaydalarımız bir az da mükəmməlləşdirilib, ona əməl olunarsa, bu, başqa məsələ”.

    Dövlət Dil Komissiyasının digər üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu “Report”a açıqlamasında “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” ilə tanış olmadığını deyib. O bildirib ki, orfoqrafiya qaydaları Nazirlər Kabineti tərəfindən təsdiqlənir: “Hazırda akademik nəşr Azərbaycan Milli Elmlər Akademiyasının hazırladığı “Orfoqrafiya” lüğətidir. Mənbə kimi ona əsaslanmaq lazımdır. 

    “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” akademik nəşr deyil, ona əsaslanmaq doğru deyil”.

    Direktor qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası 64 maddədən ibarət orfoqrafiya lüğətini hazırlayıb: “Qaydalar ictimai müzakirəyə çıxarılacaq”.

    “Belə lüğət hazırlanmır, lüğəti özün hazırlamalısan”

    Dövlət Dil Komissiyasının üzvü, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədov “Report”a açıqlamasında deyib ki, hər bir lüğətin öz vəzifəsi, funksiyası var: “Afaq Məsud indiyə kimi lüğət hazırlamayıb. AMEA-nın lüğətini qabaqlarına qoyub, onları saf-çürük edib yazıblar. Bu lüğət yazmaq deyil. Bu kompilyasiyadır (tədqiqat aparmadan hazırlanan iş, başqalarının əsərlərindən quraşdırma - “Report”). Belə lüğət hazırlanmır, lüğəti özün hazırlamalısan, sözlük tutasan və s. Yoxsa başqasının yazdığını qoy qabağına lüğət hazırlayım, bu tədqiqat aparmadan hazırlanan işdir”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi