"Yeni Fikir 2017" startap müsabiqəsinin qalibləri müəyyən olunub

"Yeni Fikir 2017" startap müsabiqəsinin qalibləri müəyyən olunub Nəticələrə görə 5 layihə qalib elan edilib
Elm və təhsil
9 İyun , 2017 18:47
Yeni Fikir 2017 startap müsabiqəsinin qalibləri müəyyən olunub
BMU

Bakı. 9 iyun. REPORT.AZ/ Bakı Mühəndislik Universitetinin təşkilatçılığı və Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının (AMEA YTP) əsas tərəfdaşlığı ilə reallaşdırılan "Yeni Fikir 2017" startap müsabiqəsi final mərhələsi keçirilib.

"Report"un məlumatına görə, final mərhələsində təhsil nazirinin müavini Ceyhun Bayramov, AMEA-nın Yüksək Texnologiyalar Parkının direktoru Vüqar Babayev, nazirlik nümayəndələri, millət vəkilləri, universitet rektorları və şirkət nümayəndələri iştirak edib.

Təhsil nazirinin müavini Ceyhun Bayramov təqdim olunan layihələrin fərqli istiqamətlərdə olmasını sevindirici hal kimi qiymətləndirib. O qeyd edib ki, dövlət başçısı İlham Əliyevin gənclər üçün yaratdığı imkanlar gənclərin startaplara marağını artırır.

Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov Yeni Fikir Layihəsinin zəhmət və ədalət tələb edən bir layihə olduğunu diqqətə çatdırıb. O deyib ki, universitetin bu istiqamətdə olan elmi potensialı, alimlər və savadlı tələbələrin olması belə layihələri müvəffəqiyyətlə həyata keçirməyə imkan verir.

Bu il 148 startap layihənin iştirak etdiyi müsabiqədə 11 komanda finala vəsiqə qazanıb. İyunun 9-da keçirilən finalın nəticələrinə görə 5 layihə qalib elan edilib. Mükafatlandırma mərasimində 1-ci yerə layiq görülən komandaya müsabiqənin baş sponsoru olaraq AMEA YTP tərəfindən 10 000 manat pul mükafatı təqdim edilib. 2-ci və 3-cü yer sahiblərinə isə müsabiqəyə tərəfdaş olan bir sıra özəl şirkətlər tərəfindən 5 000 manat və 2 500 manat pul mükafatı verilib. Bundan əlavə, qaliblər Silikon vadisinə (ABŞ/SanFransisko) gediş-gəliş üçün avia bilet və digər müxtəlif mükafatlara layiq görülüblər. Müsabiqədə qalib gələn layihələr ilkin maliyyə dəstəyi, inkubasiya və akselerasiya xidmətləri ilə dəstəklənir.

Qeyd edək ki, "Yeni Fikir" startap müsabiqəsində öz iş fikri ilə biznesini qurmaq istəyənlər iştirak edirlər. Texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılması, təşəbbüskar düşüncənin inkişaf etdirilməsi, ölkənin və regionun inkişafında rol oynaya biləcək beynəlxalq rəqabətə dayanıqlı şirkətlərin formalaşdırılması layihənin əsas məqsədlərindəndir. Artıq 5-ci dəfədir keçirilən "Yeni Fikir" startap müsabiqəsinə indiyədək 842 layihə cəlb edilib. "Yeni Fikir 2017" müsabiqəsi Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Gənclər və İdman Nazirliyi və bir sıra şirkətlərin dəstəyi ilə həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi