Bakı. 28 dekabr. REPORT.AZ/ Bu il Bakı Şəhəri üzrə Təhsil İdrəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərini ümumi orta təhsil səviyyəsi üzrə 768, tam orta təhsil səviyyəsi üzrə isə 1075 nəfər fərqlənmə attestatı ilə bitirib.
Bu barədə "Report"a idarədən məlumat verilib.
Bildirilib ki, Bakı məktəblərinin məzunları qızıl və gümüş medallarla təltif olunub. Təhsil nazirinin müvafiq əmrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 42-si qızıl, 2-si gümüş medala layiq görülüb. Onlar ümumi təhsildəki xüsusi nailiyyətləri və 2017-2018-ci dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələri nəzərə alınaraq qızıl və gümüş medalla təltif ediliblər.
Bakı şəhəri üzrə 4 ümumi təhsil müəssisəsində 52 şagird inklüziv təhsilə cəlb edilib.