Yaqub Mahmudov: "Azərbaycan tarixi ayrı-ayrı bölgələrin əlahiddə tarixi kimi tədris olunmamalıdır"

Yaqub Mahmudov: "Azərbaycan tarixi ayrı-ayrı bölgələrin əlahiddə tarixi kimi tədris olunmamalıdır" "Ölkəmizin vahid tarixi vahid dərslik əsasında öyrədilməlidir"
Elm və təhsil
30 Dekabr , 2016 21:24
Yaqub Mahmudov: Azərbaycan tarixi ayrı-ayrı bölgələrin əlahiddə tarixi kimi tədris olunmamalıdır

Bakı. 30 dekabr. REPORT.AZ/ "Ölkəmizin vahid tarixi vahid dərslik əsasında öyrədilməlidir. Heç bir halda vahid Azərbaycan tarixi ayrı-ayrı bölgələrin əlahiddə tarixi kimi tədris olunmalı deyil".

"Report" xəbər verir ki, bunu Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib.

"Milli Məclisdə həmkarım Siyavuş Novruzov tamamilə haqlı məsələ qaldırdı ki, 8-ci sinifdə Azərbaycan tarixindən 2 dərsliyin – “Azərbaycan tarixi” və “Qarabağ tarixi” dərsliklərinin olması doğru deyil. Bu məni təəccübləndirdi və haqlı olaraq S.Novruzovu müdafiə etdim. Narahat olduğum üçün faktı yoxladım. Yəqin etdim ki, orta məktəblərin 8-ci sinfində ancaq mənim həmmüəllif olduğum “Azərbaycan tarixi” dərsliyi tədris olunur. Başqa dərslik tədris olunmur. 8-ci sinfin “Azərbaycan tarixi” dərsliyində isə verilən saatlara müvafiq olaraq Qarabağ haqqında geniş məlumat verilir. Qarabağ xanlığı, Pənahəli xan Cavanşir, Şuşa-Pənahabad qalası, İbrahimxəlil xanın xarici siyasəti və başqa mövzular tədris olunur. Bu dərslik nazirlik tərəfindən çox ciddi müsabiqələr nəticəsində dərslik kimi təsdiq olunub", - deyə institutun direktoru qeyd edib.

Y.Mahmudov məsələni araşdırdığını və bundan əlavə nazirlik xətti ilə Azərbaycanın Qarabağ bölgəsinin tarixi barədə fakültativ kursun təşkil edildiyini aydınlaşdırdığını bildirib:

"Həmin kurs vasitəsilə həftədə 1 saat şagirdlərə Qarabağ barədə əlavə məlumat verilir. Təhsil Nazirliyinin xüsusi əmri ilə göstərilən fakültativ kurs üçün 2 dildə - Azərbaycan və rus dillərində “Qarabağ tarixi” adlı tədris vəsaiti yazılıb. Bu isə dərslik deyil, göstərilən fakültativ kursun tədris vəsaitidir. Həmin vəsait Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutuna göndərilməyib və institutun Elmi Şurasında təsdiq olunmayıb".

Onun fikrincə, Azərbaycan tarixi ilə bağlı fakültativ kursların, o cümlədən Qarabağ tarixi və Azərbaycanın digər hər hansı bölgəsi ilə bağlı bütün fakültativ kursların tədris vəsaitləri nəşr olunmamışdan əvvəl Tarix İnstitutuna göndərilməli və institutun Elmi Şurasının rəyi nəzərə alınmalıdır.

"Düşünürəm ki, indiki mərhələdə ayrı-ayrı bölgələr üçün ayrıca tədris vəsaitlərinin yaradılmasına heç bir ehtiyac yoxdur.

Ölkəmizin vahid tarixi vahid dərslik əsasında öyrədilməlidir. Heç bir halda vahid Azərbaycan tarixi ayrı-ayrı bölgələrin əlahiddə tarixi kimi tədris olunmalı deyil",- deyə Y.Mahmudov əlavə edib.

Son xəbərlər

Orphus sistemi