Yuxarı

Yaponiya xarici işlər nazirinin müavini BDU-da olub

Abel Məhərrəmov Azərbaycanın Yaponiya ilə bütün sahələrdə əməkdaşlığa böyük önəm verdiyini söyləyib

Bakı. 21 yanvar. REPORT.AZ/ Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov Yaponiya xarici işlər nazirinin müavini Minoru Kiuçinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. "Report" xəbər verir ki, bu barədə BDU-nun Mətbuat və informasiya şöbəsinin yaydığı məlumatda bildirilir.

Görüşdə Abel Məhərrəmov BDU-da yapon dilinin tədrisindən, iki ölkə arasında beynəlxalq əlaqələrin inkişafından söz açıb. Bildirilib ki, artıq 15 ildir universitetdə yapon dili ixtisası üzrə qəbul aparılır. Həmçinin hər il universitetdə yapon dili üzrə müsabiqə keçirilir.

BDU-da yapon dilinin yüksək səviyyədə tədris olunduğunu diqqətə çatdıran rektor universitetdə təhsilin bakalavr və magistr səviyyələrində mütəxəssislərin hazırlandığını qeyd edib. Vurğulanıb ki, BDU Yaponiyanın bir sıra şirkətləri ilə innovativ texnologiyalar sahəsində sıx əməkdaşlıq edir.

Akademik iki dövlət arasında parlamentlərarası əlaqələrdən də söz açıb, Azərbaycanın Yaponiya ilə bütün sahələrdə əməkdaşlığa böyük önəm verdiyini söyləyib.

Minoru Kiuçi BDU-da yapon dilinin tədrisindən məmnun qaldığını bildirib, iki dövlət arasında əlaqələri yüksək qiymətləndirib. Yaponiyalı qonaq gələcəkdə təhsil sahəsində əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi