Yuxarı
    Bağlamaq

    Yaponiyanın İNPEX şirkəti ​BANM tələbələrinə təlim keçib

    Elmar Qasımov: Təqdim olunan mühazirə tələbələrə nəzəri və təcrübi bilikləri birləşdirərək praktik biliklər əldə etməkdə kömək edəcək

    Bakı. 15 mart. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) Yaponiyanın İNPEX şirkətinin əməkdaşları tələbələr üçün təlim keçib.

    Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Məlumata görə, təlimdən öncə Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İNPEX Korporasiyasının vitse-prezidenti Akihiko Kuraşinanın başçılığı ilə nümayəndə heyəti və Vaseda Universitetinin Sərvətlər və ətraf mühit mühəndisliyi kafedrasının professoru Masanori Kurihara, o cümlədən SOCAR UPSTREAM şirkətinin nümayəndə heyəti ilə görüş keçirib. Görüş zamanı BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayaraq onları yenidən Ali Məktəbdə görməkdən məmnunluğunu bildirib. Rektor Elmar Qasımov professor Masanori Kuriharanın təqdim edəcəyi mühazirənin tələbələr üçün çox faydalı və yaddaqalan olacağına əmin olduğunu deyib. Rektor təqdim olunan mühazirənin tələbələrə nəzəri və təcrübi bilikləri birləşdirərək praktik biliklər əldə etməkdə kömək edəcəyini vurğulayıb. O qeyd edib ki, Yaponiya təhsil və istehsalatda əldə etdiyi nailiyyətləri ilə bir nümunədir. Elmar Qasımov SOCAR UPSTREAM şirkətinin və İNPEX Korporasiyasının rəhbərliyinə bu görüşün təşkil olunmasında göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.

    Yaponiyanın Vaseda Universitetinin Sərvətlər və ətraf mühit mühəndisliyi kafedrasının professoru Masanori Kurihara tələbələrlə ünsiyyət imkanı yaratdığı üçün rektora təşəkkür edib. O, bu görüşü gələcək əməkdaşlığın ilkin addımı kimi qiymətləndirərək bu əməkdaşlığın sürətlə davam edəcəyinə əminlik ifadə edib.

    Sonra qonaqlar tələbələrlə görüşüblər. İNPEX Korporasiyasının vitse-prezidenti Akihiko Kuraşina təmsil etdiyi şirkət haqqında qısa təqdimatla çıxış edərək məlumat verib.

    Professor Masanori Kurihara tələbələrə “Kəşfiyat və Hasilat üzrə “asan əldə edilən neft-qaz”, eləcə də neftçıxarma əmsalının artırılması, ətraf mühitə zərər vurmadan qeyri-ənənəvi neft və qaz yataqlarının (çətin əldə olunan neft-qaz) işlənməsi” mövzusunda məruzə ilə çıxış edib. Masanori Kurihara qırılmalarla müşayiət olunan mürəkkəb layların, eləcə də aşağı keçiriciliyə malik və ya antiklinal olmayan neft-qaz laylarının işlənməsi, dərin sularda, qütb regionlarında, yüksək təzyiq və yüksək temperaturda neft-qaz yataqlarının işlənməsi, neftçıxarma əmsalının artırılması, qeyri-ənənəvi neft və qazın hasil edilməsi, ətraf mühitin mühafizəsi məsələləri haqqında məlumat verib.

    Sonra Masanori Kurihara tələbələri maraqlandıran sualları cavablandırıb.

    Xatırladaq ki, BANM-in rektoru Elmar Qasımov və professor-müəllim heyəti ilə professor Masanori Kurihara və İNPEX Korporasiyasının keçən ilin avqust ayında Bakıda səfərdə olan nümayəndə heyəti ilə keçirilən görüş zamanı rektor Elmar Qasımov professor Masanori Kuriharanı BANM-də tələbələrə master-klass keçməyə dəvət edib. Onun Azərbaycana nəzərdə tutulan səfəri çərçivəsində 2016-ci ilin mart ayında BANM-də tələbələr üçün professional təlimlərin təşkil olunmasına razılıq əldə olunub.

    Qeyd edək, tədbirdə Yaponiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak ediblər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi