Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak hüququ qazanan abituriyentlərin sayı açıqlanıb

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak hüququ qazanan abituriyentlərin sayı açıqlanıb Ötən illə müqayisədə onların sayı xeyli artıb
Elm və təhsil
7 İyul , 2015 11:45
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak hüququ qazanan abituriyentlərin sayı açıqlanıb

Bakı. 7 iyul. REPORT.AZ/ Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən V ixtisas qrupuna aid olan ixtisasları üzrə qabiliyyət imtahanlarına buraxılan abituriyentlərin sayı müəyyənləşib.  Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) "Report"a verilən xəbərə görə, bütün qabiliyyət imtahanı komissiyaları üzrə qabiliyyət imtahanlarında iştirak hüququ qazanan abituriyentlərin sayı ötən illə müqayisədə xeyli artıb.

Məlumatda bildirilir ki, 2015-ci ilin və əvvəlki illərin məzunları olan və ali təhsil müəssisələrinin təsviri sənət ixtisasları üzrə müsabiqəyə buraxılanların ümumi sayı bu il üçün 1035 nəfər təşkil edib. Onlardan 624-ü Bakının, 411-i isə bölgələrin payına düşüb. 2014-cü ildə bu göstərici 494 nəfər təşkil edirdi ki, onlardan 330-u Bakının, 164 nəfəri isə bölgələrə aid idi.

Həmçinin musiqi sənəti ixtisası üzrə bu il 949 (ötən il 497), teatr, kino və xoreoqrafiya sənətləri üzrə bu il 418 (keçən il 265), bədən tərbiyəsi və idman üzrə bu il 6195 (keçən il 974), bütün istiqamətlər üzrə isə bu il cəmi 8597 (keçən il 2230) olub.

Bu artım bədən tərbiyəsi və idman istiqamətində xüsusilə diqqət çəkir. TQDK hesab edir ki, gənclərin qeyd olunan sahəyə marağının artmasında I Avropa Oyunlarının Azərbaycanda təşkil olunması ciddi rol oynayıb.

11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq arzusunda olan abituriyentlərdən 21 min 634 nəfəri müsabiqədə iştirak hüququ qazanıb: "Nəzərə alsaq ki, həmin abituriyentlərdən müəyyən hissəsi ali təhsil müəssisələrinin müsabiqəsində də iştirak edə biləcəklər, kolleclərə hansı sayda ərizə veriləcəyini indidən söyləmək mümkün deyil".

Xatırladaq ki, TQDK iyulun 2-də V ixtisas qrupuna və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirib. 2015/2016-cı tədris ili üzrə qəbul qaydalarında edilmiş dəyişikliklərə əsasən, V ixtisas qrupu yaradılıb və buraya ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları daxildir. Yeniliyə əsasən, I, II, III və ya IV ixtisas qruplarının hər hansı biri üzrə müsabiqədə iştirak etmək istəyən abituriyent, həm də V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilir. Abituriyentlərə iki müxtəlif ixtisas qrupu üzrə müsabiqədə özlərini sınamaq şansı verilməklə, onlar üçün əlavə imkanlar yaradılıb.

Digər bir yeniliyə əsasən, bu ildən tam orta təhsil (11 illik) bazasında kolleclərə qəbul cari ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə əsasən həyata keçirilir. Orta məktəbi əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər üçün isə kolleclərə qəbul buraxılış imtahanı səviyyəsində iyulun 2-də keçirilmiş qəbul imtahanının nəticələrinə əsasən aparılır. 

Son xəbərlər

Orphus sistemi