Yuxarı

Xüsusi istedadlı uşaqların I sinfə qəbulunun elektron qeydiyyatı başlayıb

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə müsahibələr iyulun 21-dən etibarən aparılacaq

Bakı. 2 iyul. REPORT.AZ/ Bakıda yerləşən və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə 6 yaşı bu ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olan uşaqların I sinfə qəbulu məqsədilə iyulun 1-dən elektron qeydiyyatı başlayıb. 

İdarədən "Report"a verilən xəbərə görə, istedadlı uşaqların müsabiqədə iştirakı üçün qeydiyyat mektebeqebul.edu.az saytında aparılır və iyulun 31-dək davam edəcək.

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə müsahibələr iyulun 21-dən etibarən Bakı şəhəri 42 nömrəli tam orta məktəbdə aparılacaq.

Valideynlər (və ya qanuni nümayəndələr) mektebeqebul.edu.az saytında qeydiyyatdan keçərək, uşaq haqqında məlumatları saytda verilən formada doldurub müsahibəyə buraxılış vərəqini çap edə bilərlər. Buraxılış vərəqində uşağın müsahibəyə dəvət olunduğu tarix və vaxt göstəriləcək.

Təhsil nazirinin müvafiq əmrinə əsasən müəyyən edilmiş məktəblərdə fəaliyyət göstərən məktəbəhazırlıq kursunu bitirmiş şagirdlər isə mektebeqebul.edu.az saytından həmin kursu bitirdiyinə dair sertfikatı çap etməli, eyni zamanda məktəb seçməlidirlər. Kursu müvəffəqiyyətlə bitirərək sertifikat almış xüsusi istedada malik uşaqlar I sinfə müsahibədənkənar qəbul olunacaqlar.

Məktəbə qəbul üçün avqustun 15-dən etibarən valideynlər müvafiq sənədləri təqdim etməklə seçdikləri məktəbdə fəaliyyət göstərən işçi qrupuna müraciət etməlidirlər.

Qeyd edək ki, bu il ilk dəfə olaraq Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların I siniflərinə uşaqların qəbulu elektron sistem vasitəsilə həyata keçirilir. Tətbiq edilən elektron sistem mövcud olan I sinfə qəbul prosedurlarında hər hansı bir dəyişiklik nəzərdə tutmur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi