Bakı. 27 fevral. REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Bakı Slavyan Universiteti ilə birlikdə hazırladığı Azərbaycan multikulturalizmi fənninin xarici ölkələrin ali təhsil ocaqlarında tədrisinə başlanılıb. Bu barədə "Report"a Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.
Artıq bir neçə gündür Azərbaycan multikulturalizmi fənni Litva Pedaqoji Universitetində, Ural Federal Universitetində (Rusiya) və Belarus Dövlət Universitetində tədris edilir.
Fevralın 26-dan başlayaraq Azərbaycan multikulturalizmi fənninin Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofia Universitetində tədrisinə başlanıb. Mart ayından etibarən bu fənnin daha üç ölkədə - İtaliyanın La Sapienza Universitetində, Çexiyanın Karlov Universitetində və Gürcüstanın Tbilisi Dövlət Universitetində tədrisinə start veriləcək.
Xatırladaq ki, multikulturalizm bir sıra dünya dövlətlərində iflasa uğradığı bir dövrdə Azərbaycan respublikası multikulturalizmi özünün dövlət siyasəti elan edib. Ölkədə bu siyasət uğurla həyata keçirilir və bu sahədə əldə edilən nailiyyətlər beynəlxalq səviyyələrdə də etiraf olunur.