Yuxarı
    Bağlamaq

    ​Xaricdə təhsil alanların təhsili ilə bağlı xərclərin ödənilməsi qaydaları dəyişdirilib

    Təhsil haqları xarici valyuta ilə və ya rəsmi məzənnəyə uyğun manatın ekvivalenti ilə köçürüləcək

    Bakı. 25 iyun. REPORT.AZ/ “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları”nda dəyişikliklər edilib.

    "Report" xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib.

    Dəyişikliklərə görə Qaydaların 1. 2.4-cü bəndi aşağıdakı redaksiyada verilib:

    “2.4. Xaricdə təhsil alanların təhsili ilə bağlı xərclərin ödənilməsi üçün vəsait Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişləri əsasında Dövlət Proqramını maliyyələşdirən qurum tərəfindən xarici valyuta ilə və ya sifarişin rəsmiləşdirilməsi tarixinə olan rəsmi məzənnəyə uyğun Azərbaycan manatının ekvivalenti ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq xəzinə hesablarına köçürülür.”.

    2. Aşağıdakı məzmunda 5.3.8-ci yarımbənd əlavə edilib:

    “5.3.8. təhsil alanların bəzi xərcləri (təhsil haqqı, viza və qəbul edən ölkədə qeydiyyat xərcləri, tibbi sığorta xərcləri, ildə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş xərcləri) təhsil alan tərəfindən ödənildiyi təqdirdə, həmin xərclər onun təqdim etdiyi təsdiqedici sənədlər əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Dövlət Proqramını maliyyələşdirən quruma təqdim olunan sifarişin rəsmiləşdirilməsi tarixinə olan rəsmi məzənnə əsasında Azərbaycan manatı ilə ödənilir.”.

    3. 6.2-ci bənd aşağıdakı redaksiyada verilib:

    “6.2. Xarici valyuta ilə hesablanmış xərclər Azərbaycan manatı ilə ödənilərkən, vəsaitin köçürülməsi tarixinə olan rəsmi məzənnə ilə müvəkkil bankın sövdələşmə məzənnəsi (xarici valyutanın sövdələşmə tarixinə razılaşdırılmış məzənnəsi) arasında yaranan fərq Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə müvəkkil bank arasında imzalanmış müqaviləyə əsasən bank xərcləri olaraq tanınır. Bank xərcləri, eləcə də sifarişin rəsmiləşdirilməsi tarixi ilə faktiki köçürülmə tarixinə olan rəsmi məzənnələr arasında fərqlə bağlı yaranan müsbət və ya mənfi kənarlaşmalar barədə məlumat Dövlət Proqramını maliyyələşdirən quruma təqdim edilir və bu vəsait növbəti ödənişlərdə nəzərə alınır.”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi