Yuxarı

Xaricdə fəaliyyət göstərən azərbaycanlı gənc alimlər haqqında məlumat bankı yaradılır

Elçin Babayev: Bundan başqa, yaxın zamanlarda xüsusi elektron idarəetmə proqramı da yaradılacaq

Bakı. 3 fevral. REPORT.AZ/ "Hazırda xaricdə fəaliyyət göstərən azərbaycanlı gənc alimlər haqqında müvafiq məlumat bankının yaradılması işinə başlanılıb".

"Report" xəbər verir ki, bunu Prezident yanında Elmin İnkişafı Fondunun (EİF) icraçı direktoru Elçin Babayev deyib.

Fondun Azərbaycanda çalışan ən fəal gənc alim və mütəxəssislər haqqında elektron məlumat bankı yaratdığını xatırladan E.Babayev qeyd edib ki, məlumat bankında gənc alim və mütəxəssislər haqqda zəruri bioqrafik informasiya ilə yanaşı, onların elmi fəaliyyət və fəallıq dərəcəsini əks etdirən məlumatlar da öz əksini tapır: "Avropa standartlarına uyğun məlumat bankından qanunvericilik çərçivəsində həm ölkə daxilində, həm də xaricdə istifadə oluna bilər. Elektron məlumat bankı daim zənginləşdirilir, dəqiqləşdirmələr aparılır".

O qeyd edib ki, yaxın zamanlarda Azərbaycanda xüsusi elektron idarəetmə proqramı (e-Qrant - Qrant Layihələrinin Elektron İdarəolunması Sistemi) yaradılacaq: "Bu, müsabiqə müddətində qrant iddiaçıları ilə fondun icraçı direksiyası arasında təmasların yalnız internet vasitəsilə baş tutmasına imkan verəcək. Eyni zamanda, müsabiqədə iştirak müasir İKT sistemlərindən istifadə olunmaqla həllini tapacaq ki, bu məsuliyyəti və operativliyi də artıracaq. Hesab edirik ki, bu yenilik gənc alimlərin xüsusi marağına səbəb olacaq və gənclərin təklifləri sistemi daha da təkmilləşdirməyə imkan verəcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi