​“Vətən qeyrətli qadın hökmdarımız - Tomris” mövzusunda konfrans keçirilib

​“Vətən qeyrətli qadın hökmdarımız - Tomris” mövzusunda konfrans keçirilib Deputat: "Xarici qüvvələr KİV-də tarixi şəxsiyyətlərimizə aramsız hücumlar edirlər"
Elm və təhsil
13 Fevral , 2016 01:48
​“Vətən qeyrətli qadın hökmdarımız - Tomris” mövzusunda konfrans keçirilib

Bakı. 13 fevral. REPORT.AZ/ Fevralın 11-də AMEA-nın Tarix İnstitutunun “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində “Vətən qeyrətli qadın hökmdarımız - Tomris” mövzusunda elmi-praktik konfrans keçirilib.

İnstitutdan "Report"a verilən məlumata görə, konfransda lahiyə rəhbəri, Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov çıxış edərək dövlətçilik tariximizdən, tarixi şəxsiyyətlərimizdən, tarixdə mövcud olmuş imperiyalarımızdan söz açıb.

O, Azərbaycanın 5 minillik dövlətçilik tarixinin olduğunu bildirib:

“Azərbaycan xalqı dünya tarixində ən qüdrətli şəxsiyyətlər yetişdirmiş bir xalqdır. Xalqımız orta əsrlərin böyük dövlətlərini – Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar imperiyalarını yaradıblar. Bu bir həqiqətdir ki, müasir mərhələdə Azərbaycanın dinamik inkişafından narahat olan xarici qüvvələr KİV-də tarixi şəxsiyyətlərimizə aramsız hücumlar edirlər”.

Bundan sonra tarixçi-alim Y.Mahmudov Azərbaycanın qadın hökmdarı Tomris (e.ə. VI əsr) haqqında konfrans iştirakçılarına ətraflı məlumat verib. O, qeyd edib ki, Tomrisin Əhəməni hökmdarı II Kir üzərində qələbəsi Azərbaycan dövlətçiliyi tarixinin ən şanlı səhifələrindən biridir.

Konfransda çıxış edən tarix üzrə fəlsəfə doktoru Allahverdi Əlimirzəyev qeyd edib ki, qədim mənbələr Massaget çarlığının Şimali Azərbaycanda yerləşdiyini və Tomirisin isə II Kirlə məhz Araz çayı sahilində vuruşduğunu təsdiq edir.

Tomrisə həsr olunmuş konfransda daha sonra xalq artisti Amaliya Pənahova, 313 nömrəli məktəbin tarix müəllimi, layihənin təşkilat komitəsinin sədri Araz Şamilov, Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova və başqaları çıxış edərək “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsinin əhəmiyyətindən danışıblar.

Son xəbərlər

Orphus sistemi