Vəkillər Kollegiyasına üzv namizədlər üçün tеst imtаhаnının nəticələri elan edilib - YENİLƏNİB-2

Vəkillər Kollegiyasına üzv namizədlər üçün tеst imtаhаnının nəticələri elan edilib - YENİLƏNİB-2 Namizədlərdən 607 nəfəri 60 və daha yüksək bal toplayaraq müsahibəyə buraxılıb
Elm və təhsil
28 Yanvar , 2018 18:26
Vəkillər Kollegiyasına üzv namizədlər üçün tеst imtаhаnının nəticələri elan edilib - YENİLƏNİB-2

Bakı. 28 yanvar. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) Vəkillər Kollegiyası ilə birgə 2018-ci il yanvarın 28 də Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

DİM-dən "Report"a verilən məlumata görə, imtahan bütün binalarda saat 11:00-da başlayıb və 3 saat ərzində aparılıb.

İmtahanın nəticələri saat 18:05-dən etibarən Vəkillər Kollegiyasının və Dövlət İmtahan Mərkəzinin internet saytında elan edilib.

İmtahanda iştirak etmək üçün 1966 namizəd qeydiyyatdan keçib. 93 namizəd imtahana gəlməyib. İmtahanda iştirak edən 1873 namizəddən 607 nəfəri müsabiqə şərtini ödəyərək – 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.

Ən yüksək nəticə 90 bal olub.


***15:07

Bakı. 28 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirilib.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vəkillərin sayının artırılaraq zəruri həddə çatdırılması barədə tövsiyəsi rəhbər tutularaq, Dövlət İmtahan Mərkəzi (DİM) və Vəkillər Kollegiyası tərəfindən təşkil olunan imtahan saat 11:00-da başlayıb. Namizədlər Bakı Dövlət Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin binalarında imtahan veriblər.

Saat 14:00-dək davam edən imtahanın idarə olunmasına 19 imtahan rəhbəri və 192 nəzarətçi-müəllim cəlb edilib. Nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilib. İmtahan zallarında namizədlər üçün zəruri şərait yaradılıb. İmtahan vaxtının düzgün idarə olunması üçün hər bir zal saatla təmin edilib. Binaların girişlərində buraxılış rejiminin operativliyinin təmin edilməsi və imtahan iştirakçılarının şəxsiyyətinin müəyyənləşdirilməsi üçün “barkod-skaner”lər quraşdırılıb.

İmtahanda iştirak etmək üçün iki minə yaxın namizəd qeydiyyatdan keçib. Namizədlərə qanunvericilik sahəsi üzrə 100 test tapşırığı təqdim olunub. Əvvəlki illərdən fərqli olaraq, bu dəfə imtahanda məntiqə dair suallardan istifadə edilməyib.

Suallara verilən hər düzgün cavab bir balla qiymətləndirilib. Səhv cavablar düz cavabların nəticəsinə təsir göstərmir. İmtаhаn nəticəsində ümumi bаlı 60 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə - şifahi müsahibəyə buraxılacaqlar.

2016-cı ilin aprelində başlanan və həmin ilin dekabrınadək davam edən vəkilliyə sənəd qəbulu Vəkillər Kollegiyasının qərarına əsasən 2017-ci il dekabrın 11-də bərpa edilib. Bir ay davam edən qəbul nəticəsində sənəd verənlərin sayı iki minə çatıb. İmtahanda iştirak edən ən yaşlı namizəd 77, ən gənci isə 22 yaşında olub. Regionlar üzrə namizədlərin təmsil olunma nisbəti Bakı üzrə 63,4 faiz, respublikanın digər regionları üzrə isə 36,6 faiz təşkil edib. İmtahanda Azərbaycanın əksər regionları təmsil olunub. Bu isə öz növbəsində gələcəkdə regionlarda vəkil çatışmazlığının aradan qaldırılmasına töhfə verəcək.

İmtahanın şəffaflığının təmin edilməsi məqsədilə bir çox yerli və beynəlxalq, habelə dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər dəvət olunub, KİV nümayəndələrinin iştirakı təmin olunub.

Vəkilliyə qəbul üçün test imtahanın nəticələri bu gün açıqlanacaq.


***11:43

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirilir.

"Report" xəbər verir ki, Vəkillər Kollegiyası ilə birlikdə keçirilən imtahan saat 11:00-da başlayıb və Bakı şəhərində 4 binada təşkil olunub.

İmtahanın idarə olunmasına 19 imtahan rəhbəri və 192 nəzarətçi-müəllim cəlb olunub. İmtahanda iştirak edən nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilib. İmtahan zallarında namizədlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb, imtahan vaxtının düzgün idarə olunması üçün hər bir zal saatla təmin olunub. İmtahan binalarının girişlərində buraxılış rejiminin operativliyinin təmin edilməsi və imtahan iştirakçılarının şəxsiyyətinin müəyyən edilməsi üçün “barkod-skaner”lər quraşdırılıb.

İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl DİM və Vəkillər Kollegiyası əməkdaşlarının iştirakı ilə baxış keçirilib və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil verilib.

Qeyd edək ki, imtahanda iştirak etmək üçün 1964 namizəd qeydiyyatdan keçib. İmtahanda namizədlərə qanunvericilik sahəsi üzrə 100 test tapşırığı təqdim olunub.

Suallara verilən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düz cavabların nəticəsinə təsir göstərmir. İmtаhаn nəticəsində ümumi bаlı 60 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılacaqlar.

Son xəbərlər

Orphus sistemi