Yuxarı

"Valideynlər-ilk müəllimlərdir" mövzusunda seminar keçirilib

"Valideynlər-ilk müəllimlərdir" mövzusunda seminar keçirilib
Məhəbbət Vəliyeva: Təhsil prosesi ilə daha yaxından maraqlanan valideynlərin övladları həmyaşıdlarından yaxşı nəticə göstərir

Bakı. 23 dekabr. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə məktəb-valideyn əlaqələrinə həsr olunan “Valideynlər-ilk müəllimlərdir” mövzusunda seminar keçirilib.

"Report" xəbər verir ki, BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva məktəb-valideyn əməkdaşlığının əhəmiyyətindən bəhs edib: "Əsas məqsəd valideyn və müəllimlərin sıx əməkdaşlığı vasitəsilə şagirdlərin təlim-tərbiyəsinin səmərəliliyini artırmaq, valideynlə məktəb arasında yaxşı ünsiyyət mühiti yaratmaqdır".

Onun sözlərinə görə, təhsil prosesi ilə daha yaxından maraqlanan valideynlərin övladları həmyaşıdlarından yaxşı nəticə göstərir: “Yəni valideynlərin övladının təhsilinə olan həssas münasibəti şagird nailiyyətinə müsbət təsir edir. Valideynlərin əksəriyyəti uşaqların təhsil və inkişafında onlara kömək etmək istəyir, lakin hər kəs bunun necə edilməli olduğunu bilmir. Təbii ki, ali təhsilli valideynlər öz uşaqlarına ev tapşırıqlarının yerinə yetirilməsində daha rahat kömək edir. Lakin təhsili olmayan valideynlər üçün bu proqramların öhdəsindən gəlmək çətin olur".

M.Vəliyeva deyib ki, müəllim və valideynlərin qarşılıqlı anlaşması və onların bir-birini qarşılıqlı dəstəkləməsi uşağın inkişaf etməsi üçün əlverişli psixoloji mühitin yaradılmasının əsas şərtidir: "Son illərdə valideynləri təhsil prosesinə cəlb etmək və onların məktəblə əlaqəsini genişləndirmək üçün intensiv işlər görülür. “Məktəb icmaları”nın yaradılması və digər müvafiq tədbirlər bu istiqamətdəki davamlı fəaliyyətin nəticəsidir”.

Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Təhsil Komitəsinin nümayəndəsi Klara Şarafovna Mansurova “Təhsil üçlüyü: müəllim, şagird, valideyn” mövzusunda nümunə seminara moderatorluq edib. 

Seminar zamanı keçirilən “Valideynlik məktəbi” laboratoriyasının əsas məqsədləri açıqlanıb.

Qeyd olunub ki, məktəbyaşlı uşaqlarla iş baxımından valideyn düşüncə və yanaşmasının təkmilləşdirilməsi davamlı prosesdir.

Seminarın sonunda valideynləri maraqlandıran suallara aydınlıq gətirilib, məktəb-valideyn münasibətlərinin inkişafı ilə bağlı müzakirələr aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi