V qrupa ərizə qəbulu başlayır

V qrupa ərizə qəbulu başlayır Bəzi kateqoriyalardan olan abituriyentlər elektron ərizələrini SQK-lara müraciət etmədən özləri təsdiq edəcəklər
Elm və təhsil
4 May , 2015 11:36
V qrupa ərizə qəbulu başlayır

Bakı. 4 may. REPORT.AZ/ "TQDK tərəfindən ali təhsil müəssisələrinə (V ixtisas qrupu üzrə) və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu mayın 5-dən 18-dək aparılacaq". "Report" xəbər verir ki, bunu TQDK sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, I-IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə verən abituriyentlər, həmçinin V ixtisas qrupuna və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ikinci ödəmə kartı almadan elektron ərizə təqdim etməlidirlər: "Azərbaycanın tam orta təhsil müəssisələrini cari ildə bitirib V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər müvafiq qəbul imtahanı vermirlər, müsabiqədə buraxılış imtahanındakı nəticələri əsasında iştirak edəcəklər".

TQDK sədri onu da əlavə edib ki, ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarında təhsil almaq istəyən abituriyentlər elektron ərizələrinin təsdiqini təmin etdikdən sonra mayın 6-dan 19-dək TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı komissiyalarına (QİK) tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri təqdim et­mək­lə seçmə turda iştirak edəcəklər: "QİK-də abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və yoxlamadan müvəffəqiyyətlə keçənlər qeydiy­yata alınırlar. Qeydiyyata alınmış abituriyentlər TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanlarında iştirak edirlər. Qəbul imtahanlarında topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər müəyyən edilən cədvəl üzrə qabiliyyət imtahanlarında iştirak edirlər".

Qeyd edək ki, "Abituriyentin elektron ərizəsi" formasını doldurulduqdan sonra ərizələrinin təsdiqi təmin edilməlidir. Aşağıda göstərilən kateqoriyalardan olan abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu komissiyalarına (SQK) müraciət etmədən özləri təsdiq edəcəklər:

- Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini (orta məktəbi) 2015-ci ildə bitirən abituriyentlər;

- Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini (orta məktəbi) 2012-ci, 2013-cü və 2014-cü illərdə bitirən qız abituriyentlər;

- Azərbaycan Respublikasının ilk-peşə ixtisas təhsili müəssisələrini (peşə məktəblərini) 2013-cü və ondan sonrakı illərdə bitirən qız abituriyentlər;

- 2012-ci və ondan sonrakı illərdə ali məktəblərə və tam orta təhsil bazasında (11 illik) kolleclərə qəbul olmaq üçün ərizə verib onu təsdiq etdirmiş qız abituriyentlər;

- I-IV ixtisas qruplarının hər hansı biri üzrə ərizələrinin təsdiqini təmin edib V ixtisas qrupu üzrə və ya tam orta təhsil bazasında (11 illik) kolleclərə də ərizə verən abituriyentlər.

Digər abituriyentlər tələb olunan sənədləri təqdim etməklə elektron ərizələrini müvafiq SQK-da təsdiq etdirirlər. SQK-lar mayın 5-dən 18-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (yuxarıda göstərilən kateqoriyalara daxil olan abituriyentlər istisna olmaqla), həmçinin xaricdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları ərizələrini TQDK-da və onun regional bölmələrində yaradılmış SQK-larda təsdiq etdirirlər.

Gürcüstan Respublikasında yaşayan azərbaycanlılar ərizələrini Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında yara­dıl­mış SQK-da təsdiq etdirə bilərlər.

Qeyd edək ki, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında abituriyentlər ana dili (Azərbaycan bölməsinin abituriyentləri Azərbaycan dili, rus bölməsinin abituriyentləri isə rus dili), riyaziyyat və xarici dil fənlərindən test imtahanı verirlər. İmtahanda abituriyentlərə hər fənndən 30 test tapşırığı təqdim olunur. Test tapşırıqlarının cavablandırılmasına ümumilikdə 2 saat 15 dəqiqə vaxt ayrılır.

Son xəbərlər

Orphus sistemi