Yuxarı
    Bağlamaq

    Üzvlük haqqı 100 manat olan kitabxanadan - REPORTAJ

    “Report”un əməkdaşı AMEA-nın Mərkəzi Elmi Kitabxanasından yazır
    © Report.az

    Oxu zalında həmçinin istirahət otağı var, həmin otaqda oxucuların dincəlməsi üçün rahat şərait yaradılıb

    Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının təməli 1924-cü ildə qoyulub. 2014-cü il mayın 5-dən hazırda fəaliyyət göstərdiyi yeni binada fəaliyyətini davam etdirməyə başlayıb. Kitabxananın hazırkı yeni binası isə 2015-ci ilin sentyabrında oxucuların istifadəsinə verilib. MEK-də dünyanın bütün dillərində olmaqla, 1,5 milyon sənəd mühafizə olunur. Sənəd dedikdə kitablarla birgə jurnallar, fotolar, xəritələr, sənədlər, avtoreferatlar, dissertasiyalar, markalar, elektron sənədlər, əlyazmalar (çox az sayda), daş əl yazmalar və s. nəzərdə tuturuq. Beləliklə, “Report” əməkdaşları olaraq Azərbaycanda ən qədim kitabların saxlanıldığı kitabxana ilə yaxından tanış olduq.

    Yerli və beynəlxalq memarlığın ən qabaqcıl təcrübəsinin istifadə edildiyi bina

    Kitabxananın yeni, müasir binası 6 mərtəbədən ibarətdir. Kitabxana 14 zaldan (akademiklər zalı, dissertasiya zalı, görmə qabiliyyəti zəif olan insanlar üçün zal, oxu zalları, konfrans zalları, yeni nəşrlər zalı, sərgi zalı, “Zəkalı” müzakirə otağı, oxucu və personalın istirahəti üçün internet-kafe və s.), fondlardan (Azərbaycan ədəbiyyatı fondu, Rus ədəbiyyatı fondu, Şərq ədəbiyyatı fondu, Qərbi Avropa ədəbiyyatı fondu, Nadir kitab fondu, Biblioqrafik mənbələr fondu, Mübadilə fondu, Kitabxana-informasiya sahəsi üzrə ixtisaslaşmış fond, Dövri mətbuat fondu, Depozitar fondu, Dissertasiya və avtoreferatlar fondu) ibarətdir.

    Hər gün 300-400-ə yaxın oxucunun ziyarət etdiyi kitabxanaya daxil olan kimi ilk olaraq binanın müasirliyi diqqətimizi çəkdi. Binanın inşaat işlərində yerli və beynəlxalq memarlığın ən qabaqcıl təcrübəsindən istifadə olunub. Binanın arxitekturası, dizaynı barədə informasiya mühafizə olunmur. Yəni şəkil çəkdirmək üçün qadağa yoxdur.

    Açıq kitabxana, hədiyyə kitablar

    Kitabxananın ilk mərtəbəsində kafe yerləşir, burada açıq kitabxana fəaliyyət göstərir. Açıq kitabxanada olan kitabları götürüb oxumaq, özünlə aparmaq, yəni qaytarmamaq olar. Hətta oxuduğunuz kitabınızı başqa oxucuların da faydalanması üçün həmin fonda hədiyyə edə bilərsiniz.

    12 saatlıq iş rejimi

    Bələdçimiz, kitabxananın Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü bildirir ki, kitabxana istifadəyə veriləndən bu günə qədər üç mindən çox oxucu auditoriyası toplayıb. Oxucuların arasında həm tələbələr, həm AMEA əməkdaşları, magistrləri, həm də Qarabağ əlilləri, onların və Qarabağ şəhidlərinin ailə üzvləri var. Oxucuların 50 faizdən çoxu tələbədir. Bu da onu göstərir ki, gənclər elmə, ədəbiyyata, təhsilə, inkişafa, mütaliəyə kifayət qədər ciddi münasibət bəsləyirlər.

    Şöbə müdiri deyir ki, müəssisədə 200 nəfərə qədər işçi çalışır. Kitabxana ikinövbəli sistemdə, 12 saat fəaliyyət göstərir. Mərkəz səhər saat 09:15-də açılır, axşam 21:45-ə qədər oxucuların istifadəsində olur. 18:00-dan sonra fondlardan kitab götürmək olmur, ancaq mütaliə etmək mümkündür. Çünki həmin saatlarda müəssisədə yalnız nəzarətçi işçilər olur.

    Qeyd edək ki, oxucular kitabxanaya oxucu kartı vasitəsilə daxil olurlar. Kitabxanaya üzv olmaq üçün elektron qeydiyyatdan keçmək lazımdır, burada oxucular haqqında məlumatlar qeyd edilir.

    Sərgilənən kitablar

    Binanın ilk mərtəbəsində sərgi zalı fəaliyyət göstərir. Burada müxtəlif kitablar sərgilənir. Sərgi salonunda həm daimi, həm də müvəqqəti sərgilənən kitablar var. Kitabxanaya yeni daxil olan kitablar zalda 15 gün müddətində oxucular üçün sərgilənir. Bir də tarixi günlər, kiminsə yubileyi olanda həmin hadisəyə və şəxsə aid kitablar müəyyən müddət sərgilənir. Zalın daimi olan, dəyişilməyən hissəsində isə ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevə aid olan kitablar sərgilənir. Nobel mükafatları laureatları, Dağlıq Qarabağa aid kitablar, həmçinin Azərbaycanın "Qırmızı Kitabı" da daimi sərgilənən kitablar arasındadır.

    Müəllif hüquqları müqaviləsi

    Kitabxananın direktoru Leyla İmanova deyir ki, kitablar, sənədlər müəssisəyə məcburi nüsxə kimi müəlliflər tərəfindən ölkədaxili və beynəlxalq mübadilə çərçivəsində daxil olur. Kitabxananın missiyasında ədəbiyyatın tərcümə olunması yoxdur.

    Direktorun sözlərinə görə, Azərbaycan kitabxanalarında ilk dəfə olaraq MEK-də müəllif hüquqları müqaviləsi tətbiq olunur. Yəni həmin müəllifin hüququ qorunur, onun kitabxanaya verdiyi vəsaitlərdən həm də ödənişli istifadə etmək olur.

    Ödənişsiz üzvlük kartı

    Direktor deyir ki, kitabxanada AMEA-nın magistrləri, Qarabağ əlilləri, onların və Qarabağ şəhidlərinin ailə üzvləri, o cümlədən digər əlillik kateqoriyasına daxil olan şəxslər, yaşı 75-dən yuxarı olan şəxslər üçün oxucu kartları ödənişsizdir. AMEA-nın əməkdaşları üçün kartlar illik 5 AZN, digər kateqoriyaya aid adamlar üçün isə üzvlük haqqı aylıq 10, illik 100 manatdır.

    Əlillər üçün şərait

    Kitabxananın binası sağlamlıq imkanları məhdud olan insanlıar üçün xüsusi uyğunlaşdırılıb, təkərli vasitələrin maneəsiz hərəkəti üçün nəzərdə tutulan panduslar quraşdırılıb. Binada əlillər üçün məlumat köşkləri var. Əlil arabasında olan insan üçün məlumat köşkünün hündürlüyü nizamlanır.

    Direktor bildirir ki, kitabxanada görmə qabiliyyəti zəif olan insanlar üçün ayrı zal və Brayl əlifbası ilə olan kitablar var. Amma o kitabların sayı azdır, çünki onların hazırlanması üçün böyük vəsait lazımdır.

    L.İmanova deyir ki, gələcəkdə görmə qabiliyyəti zəif olan insanlar üçün xüsusi bir otaq hazırlamağı planlaşdırırlar.

    Vikipediya Mərkəzi

    Kitabxananın 4-cü mərtəbəsində Vikipediya Mərkəzi – Sərbəst Elektron Resurslarla İş şöbəsi fəaliyyət göstərir. Orada Vikipediya elektron ensiklopediyasının azərbaycanca dil bölməsində məqalələrin yerləşdirilməsi və redaktə edilməsi prosesi gedir. Mərkəzdə həmçinin ödənişsiz təlimlər keçirilir. 2017-ci ilin fevral ayına olan statistikaya görə mərkəzin əməkdaşları vikipediyada 600-ə yaxın məqalə yerləşdiriblər. Eyni zamanda Mərkəzi Elmi Kitabxananın əməkdaşları tərəfindən 20 Yanvar şəhidlərinin vikipediya səhifəsi yaradılıb. Səhifədə 146 nəfər şəhidin 85-i haqqında məlumat əksini tapıb.

    Qədim kitablar

    Kitabxanada Nadir kitab fondu 1998-ci ildə yaradılıb. Nadir fondda 15 037 nüsxə ədəbiyyat qorunub saxlanılır. E-kataloqda və fondlarda rutin axtarış nəticəsində Azərbaycanda olan 17 ən qədim kitab aşkar edilib və rəqəmsallaşdırılıb.

    Fondun nəşr tarixinə görə ən qədim kitabı 1508-ci ildə qədim latın dilində nəşr olunmuş “Aristotelin iqtisadiyyatına dair Leonardo Aretininin fikirləri” adında kitabdır. Nadir fondun həcmcə ən iri kitabı (54x64 sm) - ingilis dilində Ərdəbil xalçalarına aid kitab, ən balaca kitabı isə Yanka Kupalanın şeirlər kitabıdır (3,5x4,5 sm).

    Nadir fondda müxtəlif kolleksiyalar qorunub saxlanılır. Fondda çox geniş formada bütün elm sahələrini əhatə edən universal xarakterli ensiklopediyalar mövcuddur. Nadir fondda kitabların dezinfeksiyası mənfi temperatur vasitəsilə xüsusi soyuducuda 24 saat saxlanılaraq həyata keçirilir, kitablar hamısı çiplənib, beləliklə də kitabların mühafizəsi təmin olunmuş olur. 500 ən qiymətli XIX əsrin sonunda nəşr olunmuş kitablar xüsusi mühafizə rejimində, yəni turşusuz kartondan düzəldilmiş mikroiqlimli konteynerlərdə qorunub saxlanılır.

    Firuzə qaşlı, qızıl suyuna salınmış kitablar

    Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova deyir ki, Azərbaycandakı ən qədim kitablar Nadir kitab fondundadır. Burada kitablar 21 meyara əsasən qruplaşdırılıb. Fondda firuzə qaşlı, qızıl suyuna salınmış, çin-yapon üslubunda düzəldilmiş qablarda olan kitablar da var. Fondda Azərbaycana aid olan bütün poçt markalarından kolleksiyası da yaradılıb. Xatırladaq ki, həm fonddakı bütün vəsaitlər, həm də bu markalar Milli Rəqəmsal Yaddaşa (MRY) da daxil edilib. Bu, Azərbaycanın xaricdə təbliğidir.

    Nadir kitab fondundakı sənədlər elektron kataloqa və Milli Rəqəmsal Yaddaş bazasına daxil edilir.

    Qədim jurnallar və qəzetlər

    Dövrü mətbuat fondunda sənədlərin ümumi sayı 374 550-dir (jurnal – 313 123, qəzet - 2 900 komplekt, ardı davam edən nəşrlər – 58 527). MEK-də ən qədim Azərbaycan jurnalı 1928-ci ilə, qəzeti 1923-cü ilə, ən qədim rus qəzeti 1905-ci ilə, ən qədim Qərbi Avropa jurnalı 1887-ci ilə, şərq dillərində ən qədim jurnal 1905-ci ilə aiddir. Bundan başqa, kitabxanada Yaponiya, Koreya, Çin jurnalları, “Türk dili dərgisi” və Türkiyəyə aid “Bülletenlər” saxlanılır.

    Relslər üstündə hərəkət edən rəflər

    Kitabxanada bütün kitablar, vəsaitlər ayrıca bir mərtəbədə saxlanılır. Həmin mərtəbədə, kitabların saxlanc yerində ənənəvi olan kitab rəflərini görmədik. Buradakı rəflər relslərin üstündə hərəkət edir. Belə üsul daha çox kitabın burada saxlanmasına şərait yaradır.

    Nöqtəni bir metrəyə qədər böyüdən skaner aparatı

    Kitabxananın direktoru Leyla İmanovanın sözlərinə görə, kitabxanada Milli Rəqəmsal Yaddaşın qeydiyyat, rəqəmsallaşdırma və qorunub saxlanılma prosesləri işlək səviyyəyə gətirilib. Yadaşa Azərbaycan üçün milli dəyər kəsb edən “Azərbaycan Milli Qəhrəmanları”, “4 günlük aprel döyüşləri”ndə şəhid olmuş Azərbaycan əsgərlərinin siyahıları da daxil edilib. MRY-ın Elmi-İntellektual baza layının yaradılması təşəbbüsünə başlanılıb, format hazırlanıb.

    Kitabxananın 4-cü mərtəbəsində yerləşən Rəqəmsallaşdırma şöbəsində 5 ədəd skaner aparatı var. Skaner aparatlarının hər biri digərindən fərqlidir. Rəqəmsallaşdırma şöbəsinin müdiri Elmar Quliyev deyir ki, Almaniya istehsalı olan aparat səhifəni 9 saniyəyə skan edir, bu aparat nöqtəni bir metrəyə qədər böyüdə bilir. Hətta üzü köçürülən səhifəni iki metrəyədək banner formasında çıxartmaq olar. Şəkil böyüdükcə keyfiyyət itmir.

    Şöbə müdiri deyir ki, digər aparat 10 dəqiqəyə 400-500 səhifə skan edə bilir.

    Şöbədə qədim, nadir kitabların üzünün köçürülməsi üçün də aparat var. Bu aparat digərlərindən fərqlidir. Qədim kitabların korlanmaması üçün kitablar üstdən Canon 5D MARK III aparatı vasitəsilə çəkilir, məqsəd aparatın kitaba toxunmaması və onu korlamamasıdır.

    Kitablar, vəsaitlər skan olunduqdan sonra kompüterdə yığılır, rəqəmsallaşdırılır.

    Oxucuların şikayətləri, arzu və istəkləri

    Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova deyir ki, oxucuların bəziləri onların personal otaqları və kompüterləri olmağını istəyir. Kitabxanada isə qeyd olunan şəraitin yaradılması mümkün deyil. Oxucular həm də onların əvəzinə elektron və klassik kataloqda axtarışı kitabxananın işçilərinin etməsini istəyirlər.

    Şöbə müdiri işçilərin vaxtları olanda bacardıqları qədər oxucuların bu ehtiyaclarının qarşılandığını bildirir. Amma təbii ki, bu istəyin tam qarşılanması mümkün deyil, çünki müəssisənin əməkdaşlarının sayı oxucuların sayından dəfələrlə azdır.

    Oxucuları internetin surəti, işıq da bəzən təmin etmir. Bu isə kitabxananın səlahiyyətlərinə daxil olan məsələ deyil.

    Kitabxanadakı istirahət otağı

    Kitabxananın İstifadəçilərə xidmət və nəzarət bölməsinin rəhbəri Ofeliya Yunusova deyir ki, hər gün gələn oxucular, zalın stollarını "özəlləşdirirlər", özlərini evlərində kimi hiss edirlər. Həmin stollarda özlərinə aid qeydlər edib yapışdırırlar, gündəlik rejimlərini yazıb qoyurlar: “Kitabxanada yer bron etmək olmaz. Belə bir icazə yoxdur. Hamı buranın üzvüdür, üzvlük haqqı ödəyir”.

    Bələdçimiz M.Göyüşlü kitabxanadan kitab evə aparmağın qadağan olunduğunu bildirir. Deyir ki, burada oxucuların kitablarını qoymaq üçün şəxsi yer, rəf var. Onlar oxuduqları kitabları ora qoyub açarla bağlaya bilərlər.

    Oxu zalında həmçinin istirahət otağı var, həmin otaqda oxucuların dincəlməsi üçün rahat şərait yaradılıb.

    Gələcəkdə üçnövbəli xidmət

    Kitabxana üçnövbəli xidmətə keçid etmək, media ilə gündəlik kommunikasiyanı onlayn avtomatik rejimə keçirmək, kitabxana həyatından MEK-in saytına canlı yayım, Elektron kataloqu saytda yerləşdirmək və onlayn rejimdə yeniləmək, kommunikasiyanı daha əlçatan və sürətli etmək kimi işləri həyata keçirməyi planlaşdırır.

    Kitabxananın direktoru Leyla İmanova hazırda Milli Rəqəmsal Yaddaş layihəsinin ikinci mərhələsinin hazırlandığını bildirdi. Yeni mərhələdə AMEA-nın mütəxəssisləri tərəfindən müxtəlif sahələrə aid edilmiş mənbələrin rəqəmsallaşdırılmasına həsr olunacaq.

    Foto: Firi Salim

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi