Yuxarı

Nazir müavini: "Uşaqlar və gənclər arasında intihar hallarının yayılması Təhsil Nazirliyini çox narahat edir"

Firudin Qurbanov: Bəlkə də bizdə onlara qarşı biganəlik var? Bəlkə də vaxtında onların problemlərini görmürük?

Bakı. 16 dekabr. REPORT.AZ/ "Son zamanlar uşaqlar və gənclər arasında intihar hallarının yayılması Təhsil Nazirliyini çox narahat edir".

"Report" xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov "Azərbaycan təhsilində strateji hədəflər və pedaqoji elmlərin qarşısında duran vəzifələr" mövzusunda keçirilən respublika elmi konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, uşaqların və gənclərin intihar halları dərindən araşdırılmalıdır: "Maraqlıdır ki, niyə bu hallar artır? Bəlkə də bizdə onlara qarşı biganəlik var? Bəlkə də vaxtında onların problemlərini görmürük?". 

Nazir müavini bildirib ki, hər bir məktəbdə şagirdə xüsusi və fərdi yanaşma olmalıdır: "Bu da müəllimdən böyük istedad tələb edir. Hər adam müəllim ola bilməz. Bu peşəni seçənlər gərək daxilən müəllim olsunlar. Bəzən şagirdlərin psixoloji durumları eyni olmur. Dərs
zamanı hər bir şagirdə diqqət yetirmək lazımdır. Kimsə qəmli görünə, kiminsə gözündən yaş gələ bilər, həyəcanlı və s. ola bilər. Müəllim onlarda dərsə, həyata maraq yaratmalıdır. Bütün məktəb heyəti buna diqqət etməli, hər bir müəllim psixoloq olmalıdır. Əgər onlar vaxtında bunları görsə, intihar hallarının qarşısı alına bilər. Evdə, ailədə olan problemlər istər-istəməz hər bir uşağa təsir edir. Bir sözlə, müəllim uşaqları sevməlidir".

F.Qurbanov qeyd edib ki, şagird müəllimdən qorxmamalı, əksinə onu sevməlidir: "Ən azından şagird öz problemini müəllimi ilə bölüşməyə maraqlı olmalıdır. Təhsildə işləyənlər bu sahəyə qazanc mənbəyi kimi baxmağı yaddan çıxartmalıdırlar. Burada ancaq yüksək dəyərlər nəzərə alınmalıdır. Bütün təhsil işçiləri ancaq bu düşüncələrlə pedaqoji sahədə çalışa bilərlər".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi