Yuxarı

​Uşaq yazıçısı: "Bu gün Azərbaycanda uşaq dramaturgiyası olduqca acınacaqlı vəziyyətdədir"

Yazıçının yazdığı əsəri oxucuya çatdırmaq və satışını təşkil etmək lazımdır

Bakı. 2 aprel. REPORT.AZ/ "Günümüzdə ədəbi tənqid demək olar yox səviyyəsindədir. Belə ki, bugünkü ədəbiyyatın uğurları və uğursuzluqları saf-çürük olunmur. Ona görə də bu, çox böyük bəlaya çevrilib". Bunu "Report"a açıqlamasında uşaq yazıçısı Zahid Xəlil deyib.

Onun sözlərinə görə, bəzən çapa layiq olmayan əsərlər qalın kitab formasında nəşr olunur: "Məhz bu cür ədəbiyyatlar uşaqların ədəbi zövqünü korlayır. Hətta bu cür hallar valideynləri də ədəbiyyatdan uzaqlaşdırır. Bu səbəbdən də ədəbi tənqidi mütləq inkişaf etdirmək lazımdır".

Şeir yaradıcılığında yaşlı nəslə mənsub olan yazıçıların daha fəal olduğunu deyən Z.Xəlil bildirib ki, onlar ədəbiyyatın ənənələrini yaxşı bildiklərindən yazdıqları əsərlər bu gün üçün məqbul sayılır: "Lakin yazıçının yazdığı əsəri oxucuya çatdırmaq və satışını təşkil etmək lazımdır. Cəmiyyətin bir işi də məhz budur. Bu gün Azərbaycanda kitab yayımı çox zəifdir. Hətta deyərdim ki, ölkəmiz kitab mağazalarının sayı az olan dövlətlər siyahısındadır. Bütün bu kimi halları aradan qaldırmaq üçün özəl təşkilatlar kitabları yaymaq üçün müəlliflərə köməklik etməlidir. Təbii ki, bunun sistemini öyrənmək lazımdır".

Yazıçı həmçinin qeyd edib ki, Təhsil Nazirliyinin xətti ilə bütün orta məktəblərdə uşaq yazıçıları ilə görüşlər keçirilir və müzakirələr aparılır: "Ümumilikdə götürsək, uşaq ədəbiyyatının üstünlüyü dövlətdən asılı olmamağındadır. Çünki bu ədəbiyyat sırf uşaqlara, onların xarakterinə və təbiətinə uyğun yazılır".

Digər uşaq yazıçısı Sevinc Nuruqızı "Report"a bildirib ki, bu gün Firidun bəy Köçərli adına Uşaq Kitabanasında Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə VII Uşaq Sərgisi fəaliyyətə başlayıb: "Sərgi bir həftə ərzində fəaliyyət göstərəcək. Uşaq kitabları azyaşlıların inkişafında böyük rol oynadığından bu bayramı bütün cəmiyyətin bayramı adlandırmaq olar. Ümumilikdə uşağı inkişaf etdirən bütün sahələrə böyük diqqət ayrılmalıdır. Bu gün uşaq ədəbiyyatında ən çox nəsr və şeir inkişaf edib. Uşaq dramaturgiyası isə olduqca acınacaqlı vəziyyətdədir. Bu hal uşaq teatrlarının repertuarından da görünür. Bədii tərcümə məsələlərini isə günümüz üçün qənaətbəxş hesab etmək olar. Azərbaycanda uşaq yazarları çox azdır. Böyük uşaqlar üçün haradasa şeir tapmaq olur, amma ən problemli sahə balaca, azyaşlı uşaqlar üçün yazılan şeirlərdir. Bu sahədə demək olar ki, yazan yoxdur. Şeir uşaqlara dillərinin açılması üçün məhz ən kiçik yaşlarda lazımdır".

Qeyd edək ki, 2 aprel dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd edilir. Uşaq ədəbiyyatı gününün məhz bu tarixə təsadüf etməsinin maraqlı tarixçəsi var. Belə ki, məşhur nağılçı Hans Xristian Andersen 1805-ci il aprelin 2-də anadan olub. Bu ideyanı alman yazıçısı Yella Lepman təklif edib. 1967-ci ildən etibarən belə bir gün təsis edilib. Bu əlamətdar günün qeyd olunmasında məqsəd cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə cəlb etməkdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi