Yuxarı

Uşaq bağçalarının yenidən Təhsil Nazirliyinə qaytarılması istiqamətində işlərə başlanılıb - YENİLƏNİB

Hazırda uşaq bağçaları rayon icra hakimiyyətlərinin tabeliyindədir

Bakı. 11 mart. REPORT.AZ/ Milli Məclisin Elm və təhsil komitəsinin gələn həftə növbəti iclası keçiriləcək.

“Report”un xəbərinə görə, iclasda “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin hazırlanması üçün işçi qrupunun tərkibi müəyyənləşəcək.

İşçi qrupunun tərkibinə həm komitə üzvləri, həm də bu sahədə təcrübəsi olan mütəxəssislər cəlb olunacaq. İclasda məktəbəqədər təhsillə bağlı ən geniş vəzifələr, məqsədlər, məktəbəqədər təhsilin əhatə dairəsi, strategiyası ilə bağlı məsələlər müzakirə olunacaq.

Yeni qanun layihəsi ilə uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyinə veriləcəyi barədə məlumatlara gəlincə, Milli Məclisin Elm və təhsil komitəsinin eksperti Coşqun Məmmədov “Report”a bildirib ki, layihədə belə bir müddəa yoxdur: “Çünki məktəbəqədər təhsil müəssisələrinin hansı təşkilata aid olması məsələsi mövcud qanun layihəsinin mövzusuna aid deyil”.

“Report”un əldə etdiyi məlumata görə, artıq məktəbəqədər təhsil müəssisələrinin (uşaq bağçaları) yenidən Təhsil Nazirliyinə qaytarılması istiqamətində işlərə də başlanılıb.

Qeyd edək ki, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2015-ci il üzrə illik məruzəsində məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyinə qaytarılması məqsədəmüvafiq hesab edilir. Məruzədə vurğulanıb ki, ibtidai sinfə hazırlıq prosesinin məktəbəqədər təhsil müəssisəsi ilə məktəblərdə təşkil ediləcək hazırlıq qrupları arasında parçalanması təhsilə hazırlanmada ciddi fəsadlar yarada bilər. Məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi uşaqların sayı ilə bu təhsillə əhatə səviyyəsi arasında nəzərəçarpacaq fərqin aradan qaldırılmasına imkan verə bilər.

Xatırladaq ki, hazırda uşaq bağçaları rayon icra hakimiyyətlərinin tabeliyindədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi