​"UNEC İctimai Nəzarət Şurası" yay imtahan sessiyasının yekunlarına dair hesabatını açıqlayıb

​"UNEC İctimai Nəzarət Şurası" yay imtahan sessiyasının yekunlarına dair hesabatını açıqlayıb Yay imtahan sessiyasında 12 minə yaxın tələbə iştirak edib
Elm və təhsil
12 İyul , 2016 11:31
​UNEC İctimai Nəzarət Şurası yay imtahan sessiyasının yekunlarına dair hesabatını açıqlayıb

Bakı. 12 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimai Nəzarət Şurası yay imtahan sessiyasının yekunlarına dair mətbuat konfransı keçirib.

"Report"un məlumatına görə, UNEC-in Marketinq və Kommunikasiya Departamentinin direktoru Rasim Şərifov bildirib ki, tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması, şəffaflığın qorunması, imtahan prosesində ictimaiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakının vacibliyini əsas tutaraq “UNEC İctimai Nəzarət Şurası” yaradılıb: "Universitetdə təşkil edilən yay imtahan sessiyasına nəzarət istisnasız bu quruma verilib".

O qeyd edib ki, şura üzvləri 1 iyun - 4 iyul tarixlərində yay imtahan sessiyasının monitorinqini apararaq, “Qaynar xətt” və Apellyasiya Komissiyasının işinə nəzarəti təşkil edib, tələbələrlə söhbətlər aparıb, ali məktəbdə keçirilən “Açıq qapı”da iştirak ediblər: "Şuraya daxil olan müraciətlər şəffaf araşdırılaraq, operativ və qısa zaman ərzində tədbirlərin görülməsi üçün universitet rəhbərinə ünvanlanıb. Şura üzvləri imtahanlara nəzarəti UNEC-in bütün tədris binalarında sərbəst, heç bir maneə olmadan həyata keçirib və informasiyalar KİV-lərdə yayımlanıb".

Təhsil eksperti Şahlar Əsgərov bildirib ki, “UNEC İctimai Nəzarət Şurası” Azərbaycan təhsili üçün bir yenilikdir: “Təhsilin qarşısında iki əsas məsələ - biliyin ötürülməsi və ən vacibi biliyin qiymətləndirilməsi durur. Biliyin qiymətləndirilməsi vacib və çox ziddiyətli bir məsələdir. Qiymətləndirmədə nöqsanlara yol verilməsi haqda fikirlər hər zaman mövcuddur. Ancaq “UNEC İctimai Nəzarət Şurası” bütün bu söz-söhbətlərə son qoya bilər. UNEC-də yay imtahan sessiyasının təşkili və ümumilikdə imtahan prosesi yüksək səviyyədə təşkil olunub. Mən bir ay müddətində şura üzvləri ilə birgə imtahan prosesini izlədim. Ümumi vəziyyət məni qane etdi”.

Konfransda şura üzvlərinin yekun hesabatı açıqlanıb. Hesabatda bildirilib ki, UNEC-də imtahanlara hazırlıq yüksək səviyyədə təşkil olunub və tətbiq edilən imtahan metodu şəfəffaflığın təmin olunmasına xidmət edir: "Ali məktəbin rəhbərliyi tələbə, müəllim və valideynlərin şura ilə əlaqələrini yüksək səviyyədə qurub".

Hesabata əsasən, imtahan müddətində Apellyasiya Komissiyasına 3500 müraciət edilib. Müraciətlərin 1400-ü müsbət həll olunub, 1200-ə mənfi cavab verilib. 900 müraciət isə hazırda baxılma mərhələsindədir.

Qeyd edək ki, yay imtahan sessiyasında 12 minə yaxın tələbə iştirak edib.

Xatırladaq ki, şurada ekspertlər, elm xadimləri və KİV nümayəndələrinin təmsil olunur.

Son xəbərlər

Orphus sistemi