UNEC-də 20 Yanvar şəhidlərinin Memorial-Xatirə Kompleksinin açılışı olub

UNEC-də 20 Yanvar şəhidlərinin Memorial-Xatirə Kompleksinin açılışı olub Memorial-Xatirə Kompleksində UNEC-in şəhid olan 13 tələbə və məzununun şəkli əks olunub
Elm və təhsil
19 Yanvar , 2016 14:53
UNEC-də 20 Yanvar şəhidlərinin Memorial-Xatirə Kompleksinin açılışı olub

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 20 Yanvar faciəsinin 26-cı ildönümü münasibəti ilə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün Memorial-Xatirə Kompleksinin açılış mərasimi keçirilib. Bu barədə "Report"a universitetin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Memorial-Xatirə Kompleksində UNEC-in şəhid olan 13 tələbə və məzununun şəkli əks olunub. Açılış mərasimində universitetin kollektivi və şəhidlərin yaxınları iştirak ediblər.

UNEC-in rektoru, professor Ədalət Muradov 20 yanvarın Azərbaycan xalqının tarixinə sınaq, qəhrəmanlıq və inam günü kimi yazıldığını bildirib. O qeyd edib ki, universitetin qəhrəman tələbələri çoxdur: "Bu sırada öndə universitetin şəhidlik zirvəsinə ucalan tələbə və məzunlarının adı gəlir. Ona görə də biz istədik ki, onların xatirəsi əbədiləşən Memorial-Xatirə Kompleksi universitetin ən görkəmli yerində olsun. Universitetin 18 mindən çox tələbəsi hər gün bu abidənin önündən keçərkən vətən qarşısındakı borc və məsuliyyətlərini bir daha hiss etsinlər".

Tədbirdə iştirak edən şəhid ailələri xatirələrini bölüşüblər.

20 yanvar faciəsi ilə bağlı UNEC-in bütün tədris binalarında dövlət bayraqları yarıya qədər endirilib. Saat 12:00-da universitet ərazisində bir dəqiqəlik sükut elan edilib. Bundan başqa, universitetin rəsmi (unec.edu.az) saytında 20 yanvar faciəsində şəhid olan tələbələr Habil Əzizov və İlqar Əbdülhəsənovun ailə üzvləri ilə müsahibələr yayımlanıb. Həmçinin universitet dəhlizlərində quraşdırılan monitorlarda 20 yanvar hadisələrini əks etdirən sənədli filmlər nümayiş etdirilib. UNEC tələbələrinin iştirakı ilə şəhidlərin xatirəsinə həsr edilən videoçarx hazırlanıb.

Yanvarın 20-də isə UNEC kollektivi və tələbələri “Şəhidlər Xiyabanı”nı ziyarət edəcək.

Son xəbərlər

Orphus sistemi